Şabranda erkən tunc dövrünə aid saxsı qablar, əmək alətləri və qoç fiquru aşkarlanıb
Şabranda aparılan arxeoloji qazıntılar zamanı erkən tunc dövrünə aid saxsı qablar, əmək alətləri və qoç fiquru aşkarlanıb.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, tarixi tapıntılar rayon ərazisindəki eramızdan əvvəl (e.ə.) IV minilliyin sonu - III minilliyin əvvəlinə aid Çaqqallıqtəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı tapılıb.
Şabran arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov bildirib ki, 2016-ci ildə aşkarlanan bu tarixi abidədə 5 eyni tipli yaşayış məntəqəsi var: “Hazırda birinci təpədə qazıntılar aparılır. Məqsəd bu mədəni təbəqəni sona qədər öyrənmək və təpənin ilk məskunlaşma dövrünü müəyyənləşdirməkdir. Bu il avqustun 11-dən ekspedisiya fəaliyyətə başlayıb. Bu ilki nailiyyətlərimiz daha çoxdur. Bölgə üçün xarakterik olan erkən tunc dövrünə aid qazma tipli evlərin xarakterini tam müəyyənləşdirə bilmişik. Bundan başqa, çiy kərpicdən qurulmuş dairəvi tikilinin tam formasını aydınlaşdırmışıq. Bu da həmin dövr üçün nadir haldır ki, çiy kərpicdən olan dairəvi evin 19 cərgəsi salamat qalıb. Bu da həmin evin yuxarı hissəsinin formasını müəyyən etməyə imkan verir. Bu hal Kür-Araz mədəniyyəti üçün yenilikdir”.
Səfər Aşurov deyir ki, bu il ərazidə erkən tunc dövrü üçün xarakterik olan, üzərində yarımşar formaları, qulpları olan saxsı qablarını qalıqları, ilk dəfə olaraq qoç fiquru aşkarlanıb: “Maraqlı tapıntılarımız var. Bunların əksəriyyəti erkən tunc dövrü üçün xarakterik olan saxsı qabların qalıqlarıdır. Bu qabların əksəriyyətinin üzərində yarımşar formalı qulpları var. İlk dəfə olaraq bu abidədə qoç fiquru aşkarlanıb. Bu dövrün insanlarının təsərrüfat həyatını müəyyənləşdirməyə imkan verir. Daha çox materiallar isə sümükdən olan əmək alətləridir ki, bunlardan bəziləri toxuculuqla (bizlər, iynələr), bəziləri isə ovçuluqla (nizə və ox ucları) bağlıdır. Bu tip abidələr adətən vadi boyunca bir-birinə yaxın yerləşir. Burada 5 belə təpə müəyyən edilib. Gələcəkdə digər təpələrdə də qazıntılar aparmaq nəzərdə tutulub. Bu təpələrin hansındasa nekropol olması ehtimalı var”.
Qeyd edək ki, Çaqqallıqtəpə ərazisindəki qədim yaşayış yerləri ötən əsrin 70-ci illərində qeydə alınıb. Ərazidə qədim təpəliklər mövcuddur. 2016-cı ildə aparılan arxeoloji qazıntılar zamanı Çaqqallıqtəpədə 5 min illik tarixə malik qazma evlər üzə çıxıb.