Şabranda quş qripi ilə əlaqədar müayinələr aparılır - MOBİL LABORATORİYADA

Ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə xəstəliyə qarşı növbəti epizootoloji monitorinqlər keçirilir.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, ölkənin müxtəlif ərazilərindən toplanan çöl quşlarının nümunələri Şabranda yerləşən Ağzıbir Ovçuluq Təsərrüfatında qurulan və Cənubi Qafqazda ilk dəfə Azərbaycanda istifadə edilən çadır tipli biotəhlükəsizlik səhra laboratoriyasında müayinə olunub.

 

Müayinələr Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Səhiyyə Nazirliyinin əməkdaşlarından ibarət işçi qrupu tərəfindən səhra laboratoriyasında, spesifikliyi yüksək və təsdiqləyici metod sayılan Polimeraz Zəncirvari Reaksiya ilə aparılır. Eyni zamanda sözügedən ərazilərdə Qida Təhlükəsizliyi İnstitutunun səyyar baytar laboratoriyalarında ELISA müayinə metodu ilə sınaqlar keçirilir.

 

AQTA-nın laboratoriya müdiri Aytən Hacıyeva deyir ki, mobil şəraitdə müayinələrin aparılmasında məqsəd qısa vaxt ərzində daha çevik və operativ şəkildə müayinə nəticələrinin əldə edilməsidir:“5 rayonu əhatə edən ərazilərdən kiçik ailə və böyük quşçuluq təsərrüfatlarından toplanan qan nümunələri səyyar laboratoriyada ELİSA metodu ilə tez bir zamanda müayinə olunur, səhra laboratoriyasında isə təsadüfi yolla çöl quşlarının nümunələri müayinə olunur”.

 

Monitorinqlər Abşeron yarımadasını, Şabran, Ağcabədi, Salyan, Lənkəran rayonlarındakı milli park və təbiət qoruqlarını, su-bataqlıq ərazilərini, eləcə də respublikamızın dəniz sahili boyu  ərazilərini əhatə edir.

 

Bu müddət ərzində həm də Abşeron, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı həyətyanı təsərrüfatlar, kiçik və böyük quşçuluq təsərrüfatlarında da seroloji monitorinqlərin keçirilməsi nəzərdə tutulub.

Müəllif | Apa.Tv
Apa.tv