Sabunçu sakinlərinin 50 illik problemi 1 günə necə həll olundu?
APA TV-nin ötən gün Pirşağı qəsəbəsi 2-ci Sovxoz adlanan ərazisində işıqlandırdığı problemlərdən biri də sakinlərin kanalizasiya problemi idi. Hansı ki, televiziyamıza zəng edərək kanalizasiya problemi səbəbindən həyətlərinin su basdığını deyirdilər. APA TV məsələni işıqlandırdıqdan dərhal sonra “Azərsu” ASC adıçəkilən əraziyə işçi qüvvəsi göndərib. Sakinlərin problemi məhz bizim bu süjetimizdən sonra artıq həll olunmaq üzrədir.
Bağlar Sukanal İdarəsinin rəis müavini Məzahir Dərgahov deyir ki, ikinci gündür ki, burada işləyirlər: “Sizin çəkilişdən sonra başlanıldı işlərə və bu gün yekunlaşacaq. Bundan sonra həyətyanı sahələrə su dolmayacaq.
Pirşağı sakini, 188 saylı tam orta məktəbin direktoru Sabir Mahmudov da bildirdi ki, bu günə kimi məlum problemlə bağlı döymədiyi qapı, müraciət etmədiyi ünvan qalmamışdı: “Dəfələrlə müraciət etdim. Bu şeylərlə çox məşğul olmuşam. Çox saq ol qızım siz əlinizi qoyan kimi məsələ həll olundu. El üçün, millət üçün olan şeylərin hamısı təqdirəlayiqdir. Təşəkkür düşür sizə”.
Amma buna baxmayaraq hazırda qəsəbədə daha iki və ciddi problemi hələ də qalmaqdadır. Biri dağılmaqda olan, uçuq-sökük bağça, digərisə yeni tikilsə də illərdi istifadəsinə icazə verilməyən poliklinika. Ümid edirik ki, Təhsil və Səhiyyə nazirlikləri üzərlərinə düşən məsuliyyəti dərk edib, həyati əhəmiyyət daşıyan bu problemlərə biganə yanaşmayacaq.
AYTƏN SAKİTQIZI,
XƏYAL İSKƏNDƏROV,
APA TV