Sabunçuda qadına və satıcıya qarşı soyğunçuluq edən şəxslər tutuldu

Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində qadına qarşı soyğunçuluq edilib.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, naməlum şəxs xanıma yaxınlaşıb ona zor tətbiq etməklə boynundan 200 manat dəyərində qızıl boyunbağını və qulağındakı sırğalardan birini götürərək hadisə yerindən qaçıb.

 

Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Rakif Ramazanov saxlanılıb. Tutulan zaman onun üzərindən şəxsi istehlak miqdarından artıq çəkidə heroin də aşkar olunaraq götürülüb.

 

Bakı şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat nəticəsində isə Pirşağı qəsəbəsində yerləşən marketlərdən birində satıcıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb. Tədbir zamanı əvvəllər məhkum olunmuş İsmayıl Mirzəyevin marketdəki kassadan 400 manata yaxın pulu ələ keçirdiyi məlum  olub.

 

Qeyd edək ki, İsmayıl Mirzəyev cəzaçəkmə müəssisəsindən ötən ay azadlığa buraxılıb. Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.        

Müəllif | Apa.Tv
Apa.tv