Saç-saqqala, geyimə görə işdən çıxarıla bilərikmi?
Hər birimiz işə düzələrkən iş yerinin tələbləri ilə tanış olur, onları qəbul etdikdən sonra işə başlayırıq. Bu tələblər içərisində iş vaxtı, nahar fasiləsi, maaşla bağlı detallar olur və hər zaman da aktuallıqlarını qoruyub saxlayırlar.
Əslində Azərbaycanda görünüşlər bağlı əksər tələblər Sovetlər dövründən yadigar qalıb. Məsələn, kişilərin saqqalsız olması, iş yerinə rəsmi geyimdə gəlmələri və s.
Bəs görəsən iş yerində saça-saqqala, bığa, geyimə görə sərt qadağalar qoymaq nə dərəcədə qanunidir?
“Norma” Hüquq Mərkəzinin rəhbəri Şamil Paşayevin sözlərinə görə, yalnız orduda müəyyən olunmuş nizamnamələr var ki, bu sahədə çalışanlar qanunlara riayət etməlidir. Lakin hər hansı bir başqa sahədə belə bir tələblərin qoyulması qanunla qadağandır.
Geyim normaları və saç, saqqalla bağlı hər hansı bir qərar başqası tərəfindən verilə bilməz. Bunun ictimai və ya işə götürən tərəfindən hər hansı məsələdə dəyərləndirilməsi doğru deyil. Buna görə işçiyə cəza vermək, işdən azad etmək qanuna uyğun deyil”.
Şamil Paşayev deyir ki, belə tələblərlə üz-üzə qalan şəxslər hətta məhkəməyə müraciət edib, həmin işəgötürəndən təzminat da ala bilər.
Sosioloq Sahib Altayın fikrincə, sovetlər dövründən qalma bu tendensiyaya görə cəmiyyət inkişaf edə bilmir. Bu tələblər işçinin boş yerə stresslə yüklənməsinə gətirib çıxarır. Lakin bütün işə götürənlər geyimə, saça, saqqala yox, ilk növbədə işçinin əməyinə görə qiymət verməlidir: ”Belə şeylərin kütləvi hal alması hüquq pozuntusudur. Bir insanın şortik geyinməsinə, saqqal saxlamasına, bu kimi həyat tərzinə müdaxilə edilə bilməz. Lakin hər hansı müəssisənin daxili nizamnaməsi və ya geyinilməli olan hər hansı geyim norması varsa, bu zaman işçilər də buna riayət etməlidirlər”.
Sosioloq deyir ki, konkret geyim norması xusisi riskli işlərdə mütləqdir. Məsələn, tikinti, hüquq mühafizə, yanğınsöndürmə və s. kimi sahələrdə bu normalara mütləq əməl edilməlidir ki, insan həyatı üçün təhlükə yaranmasın.
Digər sahələrə qaldıqda isə... dünyanın bir çox yerində artıq bu kimi tələbləri irəli sürmək insan haqlarına müdaxilə sayılır və qanunla qadağan olunub. Çünki görünüşün deyil, işin əsas olması həqiqətini anlayıblar.
Semral Cavad,
Kamran Namazov,
APA TV