Şagirdlər üçün dərs ləvazimatları neçəyə başa gəlir? - ARAŞDIRMA
Fərqli başlasaq da artır 11 gündür orta məktəblərdə dərslər davam edir. Kimi distant və yaxud onlayn təhsildən razı, kimisi narazıdır. Hər kəs özlüyündə haqlıdır. Valideynlər də, uşaqlar da məktəbin başlamasını çox istəyirlər. Amma hazırki durum buna imkan vermədiyindən onlayn dərslər, teledərslər vasitəsilə şagirdləri prorsedən kənar qoymaq istəmirlər.
Elə buna görə də həftənin şənbə günü hər kəs, əvvəlki illərdə olduğu kimi övladına məktəb ləvazimatları almaqda davam edir.
Hər şey dəyişsə də bu istiqamətdə bu il yenə heç nə dəyişməyib. Belə ki, şagirddən tələb olunan iş dəftərləri və dərslik ləvazimatları tələbi get-gedə artır.
Bu tələbi nəzərə alaraq biz də dərslik ləvazimatlarının qiymətləri ilə maraqlanmaq qərarına gəldik.
Paytaxtın “28 may” metrosu ətrafında olan bir neçə məktəb ləvazimatları satılan mağazalara baş çəkdik. Alıcı bolluğu olmasa da çeşid bolluğu heç də əvvəlki illərdən geri qalmır. Yəni oxumaq, öyrənmək üçün nə istəsən, neçəyə istəsən tapa bilərsən. Əsas məsələ cibə uyğun olmasıdır.
Elə ayaqüstü söhbətləşdiyimiz valideynlər də bunu deyir:
- Bu il daha çox sinifdən xaric oxu tapşırıblar şagirdlərə. Biz istəyirik məktəblər açılsın, çünki əlavə oxu üçün mütləq müəllimlə canlı ünsiyyət vacibdir. Hər il olduğu kimi, bu ildə DİM- testlərini alıram uşaqlar üçün. Görək necə olacaq.
- 3 övladım var, özüm də Qarabağ qazisiyəm. Uşaqlar üçün çıxmışam ki, tapşırılan kitab dəftəri alım. Bolluqdur. Qiymət də pis deyil. Əsas məktəblər başlasın.
- Bilirsiniz evdən nə qədər sifariş veriblər. Siyahım böyükdür, tapşırılanları alacam. Əsas uşaqlar oxusun, bu ile yenə iş dəftərlərinin sayı çoxdur. Amma neynəyək, almalıyıq ki, oxusunlar.
10 ildir məktəb ləvazimatları mağazasında çalışan Mustafa Aslanov deyir ki, hələ builki kimi aşağı tələbat olmayıb: “Alver zəifdir. Alıcılıq qabiliyyəti aşağıdır. Qiymət artımı isə cüzidir. Bir məsələdə var ki, bu il birinci sinif və 11-ci siniflər üçün əlavə vəsaitlərin əksəriyyətində endirim də var. Amma yenə tələbat aşağıdır. Daha çox iş dəftərlərinə tələbat olur, o da aşağı siniflərdə. Qiymətlər fərqlidir, 3 manatdan başlayır, bəziləri isə 5-7 manat arası dəyişir”.
Metronun “28 May” stansiyasının ətrafında məktəb ləvazimatları satan onlarla mağaza fəaliyyət göstərir. Satıcılar deyir ki, son iki-üç gündə bazarda canlanma olsa da, müştərilər cüzi alış-verişlə kifayətlənirlər.
Sanki hamı tərəddüd içindədir, uşaqlarını məktəbə göndərməkdən ehtiyat edənlər çoxdur.
Satışda Rusiya, Türkiyə, Almaniya, Yunanıstan və Çin istehsallı çantalar var. Çin istehsallı çantaların qiyməti 18 manatdan başlayır. Satıcılar deyir ki, ötən ildən gətirilmiş və anbarlarda qalan çantalar ucuz təklif edilir. Amma bununla belə gün ərzində cəmi beş-altı çanta sata bilirlər. Halbuki, ötən il bu vaxtı gün ərzində azı otuz-qırx çanta alınırmış.
İş dəftərlərinin satışına gəlincə həm alıcılar, həm də satıcılar hesab edir ki, bura daxil edilən müxtəlif məzmunlu sual, sxem, cədvəl və s. tapşırıqlar şagirdlərdə müstəqil çalışma bacarığını artırır, tədris olunan fənnin ətraflı şəkildə mənimsənilməsinə şərait yaradır. Lakin iş dəftərlərinin bütün bu sadalananlarla yanaşı, bir sıra mənfi cəhətləri də var.
Əsas aztəminatlı ailələr üçün iş dəftərini əldə etmək çətinliyidir. Bundan başqa, nəzərə alsaq ki, hər gün 4-5 dərs olur və dərsliklə bərabər hər gün şagird iş dəftərini də gətirməlidir. Bu isə çantada yükün artmasına səbəb olur ki, nəticədə şagirdlərin səhhətinə təsir edir.
Mağazaların əksəriyyətində dezinfeksiyaedici məhlullar və uşaqlar üçün müxtəlif şəkilli tibbi maskaların satılması isə diqqətimizdən yayınmadı.
Belə, tələb və təklif çox , pul .... Əliniz cibinizdə olsun.