Sağlığında başdaşı sifariş edənlər - REPORTAJ
Hər millətin özünəməxsus adət-ənənələri olduğu kimi, müxtəlif dinlərə məxsus olan insanların da müxtəlif dini ritualları var. Hər dinin, təriqətin, konfessiyanın dəfn mərasimləri, qəbirüstü abidələri də fərqlidir.
Amma bu fərqliliklərin içində ortaq cəhətlər də yox deyil. Məsələn, hər yerdə insan öləndən sonra ona məzar daşı qoyulur.
APA TV xəbər verir ki, son zamanlar isə başqa bir adət formalaşmaqdadır. Belə ki, sağ ikən özünə qəbir yeri alanlarla yanaşı, bəziləri artıq məzar daşını belə özü sifariş verir. Daşa görə sifarişin, hətta məzarın üstünün götürülmə haqqını da qabaqcadan ödəyirlər.
İslamda sağ ikən məzar daşı sifariş etmək və qəbir yeri götürmək o qədər də bəyənilmir. Amma günümüzdə elə insanlar tapılır ki, sağ ikən özlərinə məzar daşı sifariş etdirir və qəbir yeri götüzdürürlər. Bunun hansı zərurətdən irəli gəldiyini, gəlin, onların özündən soruşaq.
Rayon sakini Əlikram Əsgərov səbəblərin müxtəlif olduğunu deyir: “Sadəcə, müxtəlif səbəblərə görə. Misal üçün, bəziləri baxır ki, ondan da yaşda böyük adamlar başdaşını düzəldirlər. Bəziləri fikirləşirlər ki, dünyaların dəyişəndən sonra heç kimi olmayacaq ona görə düzəldir. Şəxsən mən bir neçə il bundan qabaq qəbiristanlığa getmişdim. Gördüm bir molla özü üçün başdaşı düzəltdirib, orda da saxlayır. Dedim, bu edirsə, mən niyə etməyim? Mən də düzəltdirdim. Amma sonralar bir də gördüm ki, mənlə rastlaşanlar deyir ki, guya sən ölmüsən. Dedim necə yanı? Seyidə demişdim daşı qoysun anbara. Sən demə, o da reklam üçün qoyub qapının ağzına. Sərf edir yəqin. Sonra getdim mən onu danladım. Başdaşını qoydurdum anbara. İndi orda hazırdır”.
Müzəffər Musayev özündən sonra heç kimə zəhmət verməmək üçün belə bir addım atdığını bildirir: “Özüm düzəltdirmişəm. Öz pulumla, əmək haqqımla. Hər bir şeyim hazırdır, kəfənimə qədər. Kərbəlaya da getmişəm. Özümdən sonra heç kimə zəhmət vermək istəmirəm. Oğul-qız baxmayacaq. Qalmışam tək. Ailəm yoxdur. Ailə getdi dünyadan. Qalmışam tək. Bu yer onun idi...”
Məzar daşı düzəldən sexlərdən birinin sahibi Miri Məlikov da son zamanlar sağ ikən məzar daşını sifariş verənlərin sayının artdığını deyir: “İnsan sağdır, yaşayır həyatda. Gəlir sifarişini verir, pulunu tam ödəyir, düzəldirik gəlib baxır, qalır sexdə, ölüm tarixləri qalır. Dünyasını dəyişəndən sonra yazırıq. Qohumları gəlir, gedib qəbirüstünü bərpa edirik. 6 dənə var, ikisini evlərinə aparmışam”.
Məzar daşını sifariş verən bəzi şəxslər isə müsahibə vermək istəmədilər. Sosialist Əməyi Qəhrəmanı olan neftçi Akif Əmənov şifahi olaraq bildirdi ki, özünə və həyat yoldaşına məzar daşı düzəltdirməklə dünyalarını dəyişəndən sonra yaxınlarına əziyyət vermək istəmir.
Qafqaz Müsəlmanları İdarəsinin Şirvan üzrə səlahiyyətli nümayəndəsi Əvəz Mehrəliyev deyir ki, qəbiristanlıq ümumi əmlak olduğu üçün orda əvvəlcədən hansısa işlər görmək olmaz: “Qəbiristanlıq ümumi olan yerdir. Şəriətdə buna vəqf deyirlər, ümumi əmlakdır. Yəni heç kəsin şəxsi əmlakı sayılmadığı üçün qabaqcadan gedib qəbir qazdırmağı müəyyən gedib orda işlər görmək bizim şəriətdə qəbul olunmur. Başdaşı məsələsinə gələndə, kimdən soruşsaq, deyər ki, başdaşı ölü üçündür. Yəni adam öləndən sonra başdaşı qoyurlar. Şəriətdə meyitə 5 vacib məsələ var. Onun biri də torpağa basdırılmaqdı. Torpağa basdırılmaq da insan öləndən sonradır. Öləndən sonra torpaq qazılır, meyit orda dəfn olunur. Bu vacib hökmdür. Quranda da ayə var, hədislərdə də var ki, insan bilmir harada və necə öləcək. Ona görə də gözləməliyik ki, insan vəfat edəndən sonra onun üçün qəbir qazılsın”.
Əvəz Mehrəliyev İslamda təmtəraqlı məzar daşlarının da qəbul edilmədiyini deyir. Onun sözlərinə görə, rəhmətə gedən şəxslə bağlı yalnız ad, soyad və doğum tarixini bildirən nişangahlar qoyulmalıdır. Qəbirin üstündə müəyyən təmir-tikinti işləri aparmaq düzgün deyil.
Əlibəy Zeynallı,
Elçin Həsənov,
APA TV