Sahib Ələkbərov: “Binə” və “Sədərək”də nəzarət-kassa aparatları quraşdırmaq mümkün deyil”
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda POS-terminallarla nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 18% artıb.
APA TV-nin xəbərinə görə, bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
O bildirib ki, hazırda ölkədə 67 min POS-terminal mövcuddur: "Nağdsız ödənişlərlə bağlı artıq 10 ildən artıqdır ki, maarifləndirmə tədbirləri görürük. Ölkəyə gələn turistlərin sayı artır ki, bu da sözügedən sahənin önəmini artırır".
Nazir müavini “Binə” və “Sədərək” ticarət mərkəzlərində nəzarət-kassa aparatlarının və POS-terminalların quraşdırılması ilə bağlı heç bir iş görmək mümkün olmadığını dilə gətirib: “Həm Vergilər Nazirliyi, həm də Dövlət Gömrük Komitəsi ticarət mərkəzlərindəki dövriyyənin rəsmiləşdirilməsi ilə bağlı xeyli iş görüb və bu gün də görməkdədir. Ortalıqda sənədsiz, fakturasız mallar mövcuddur. Bununla bağlı sahibkarlar və həmin ticarət mərkəzlərinin rəhbərləri ilə görüşlər keçirilib. Mən inanıram ki, onlar da bu məsələdə maraqlıdırlar. Ancaq qaimə-faktura və uçotun olmaması nəticəsində nəzarət kassa aparatlarının və POS-terminalların quraşdırılması mümkün deyil”.
Sahib Ələkbərov Azərbaycanda səyyar vergi yoxlamalarının sayı kəskin azaldığına da diqqət çəkib. O, əlavə edib ki, 2018-ci ildə 1 532 səyyar vergi yoxlaması aparılıb.