Sahibə Qafarova Binəli Yıldırımla görüşüb
Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin keçmiş Baş Naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, millət vəkili Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA TV-yə verilən məlumata görə, Sədr ölkəmiz üçün belə bir həssas dönəmdə Azərbaycana səfər etdikləri üçün nümayəndə heyətinə təşəkkürünü bildirib.
Sahibə Qafarova Türkiyədə baş vermiş zəlzələ zamanı İzmirdə həlak olanların ailələrinə və yaxınlarına öz adından, parlamentin deputatları və xalqımız adından başsağlığı verib, Azərbaycan xalqının onların dərdinə şərik olduğunu söyləyib.
Görüşdə Milli Məclisin Sədri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində sentyabrın 27-də Ermənistanın növbəti təxribatından sonra həyata keçirilən əks-hücum əməliyyatları barədə söz açıb. Qeyd edib ki, torpaqlarımızın 20 faizini 30 il işğal altında saxlayan Ermənistan münaqişə ilə bağlı BMT-nin qətnamələrini, nüfuzlu beynəlxalq qurumların qərarlarını yerinə yetirməkdən bu illər ərzində boyun qaçırıb: “Problemin həlli ilə məşğul olan Minsk qrupunun fəaliyyəti isə heç bir nəticə verməyib. İndi Azərbaycan öz torpaqlarını özü işğalçılardan azad edir. Biz bu məsələdə göstərdiyi siyasi və mənəvi dəstəyə görə qardaş Türkiyənin hökumətinə və xalqına təşəkkür edirik".
Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, millət vəkili Binəli Yıldırım isə ölkəmizə növbəti səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O, Azərbaycanın öz ərazilərini azad etmək üçün erməni işğalçılarına qarşı apardığı mübarizədə xalqımıza dəstək vermək üçün ölkəmizə səfər etdiklərini qeyd edib: “Problemlə əlaqədar BMT-nin qəbul etdiyi qətnamələr uzun illər ərzində yerinə yetirilmədiyindən bu gün müstəqil Azərbaycan "öz işini özü görür". Azərbaycanın bu haqlı mübarizəsində 83 milyonluq Türkiyə xalqı öz qardaşının yanındadır”.
Binəli Yıldırım Türkiyə parlamentində təmsil olunan 4 partiyanın Azərbaycana birmənalı dəstək verdiyini, TBMM-nin Sədri Mustafa Şentopun ölkəmizə və Gəncəyə səfərinin məhz Azərbaycana dəstək baxımından önəmli olduğunu vurğulayıb. O qeyd edib ki, Türkiyənin yüksək rəsmilərinin ölkəmizə səfərləri yaxın günlərdə də davam edəcək.