Sahibə Qafarova İsrailin Azərbaycandakı səfirini qəbul edib
Milli Məclisin Sədri Sahibə Qafarova İsrailin ölkəmizdəki səfiri Corc Dik ilə görüşüb
APA TV-nin məlumatına görə, görüşdə iki ölkə arasında olan münasibətlərin hazırkı səviyyəsinə toxunan Sahibə Qafarova, Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə İsrail dövlətinə təşəkkürünü bildirib. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və hərbi təxribatları barədə səfirə məlumat verən Milli Məclisin sədri qeyd edib ki, Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində törətdiyi təxribatların ardınca, sentyabrın 27-də növbəti dəfə təmas xəttində yerləşən kəndlərimizə, hərbi mövqelərimizə hücum edib. Buna cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb və artıq işğal altındakı bəzi ərazilərimiz azad edilib.
Sahibə Qafarova qeyd edib ki, Ermənistan son günlər cəbhə xəttindən kənarda yerləşən şəhər və rayonlarımızı, mülki əhalini hədəfə alır. Bunun nəticəsində dinc insanlar arasında ölənlər və yaralananlar var. Həmçinin enerji infrastrukturuna və yaşayış binalarına ciddi ziyan dəyib, dağıntılar var.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan səfir ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında həllinə tərəfdar olduğunu diqqətə çatdırıb.