Sahibə Qafarova Yaponiyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Yaponiyanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA TV-yə verilən məlumata görə, qonağı salamlayan Sahibə Qafarova onu ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib.
Yaponiyanın Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu bildirən spiker hazırda ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələr üzrə inkişaf etdiyini qeyd edib. Xüsusilə iqtisadiyyat və investisiya sahəsində geniş əlaqələrimizin olduğu məmnunluqla vurğulanıb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında bəzi faktları Yaponiya səfirinin diqqətinə çatdıran Sahibə Qafarova ötən dövr ərzində münaqişəyə dair beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan sənədlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri barədə məlumat verib. Sədr 1994-cü ildə atəşkəs sazişinin imzalanmasına baxmayaraq, Ermənistan tərəfinin bu sazişə və digər beynəlxalq öhdəliklərinə əməl etmədiyini, bu günə qədər də təxribatlarını davam etdirdiyini vurğulayıb.
Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə Şanlı Ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları barədə də səfiri məlumatlandıran spiker qeyd edib ki, dünyanın ən güclü orduları sırasında yer alan qüdrətli Azərbaycan əsgərləri öz torpaqlarında döyüşür, düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə alır və işğal altında olan bəzi ərazilərimiz artıq azad edilib.
Ölkəmizdə yeni fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən səfir Cuniçi Vada Azərbaycanın sabit, təhlükəsiz və dinamik inkişaf edən ölkə olduğunu bildirib. O, ölkəsinin parlamentinin rəhbərliyinin salamlarını Milli Məclisin sədrinə çatdırıb. Cuniçi Vada ölkələrimiz arasında münasibətlərin məmnunluq doğurduğunu söyləyib.
Görüşün sonunda Spiker Sahibə Qafarova səfir Cuniçi Vadanın fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verəcəyinə inandığını bildirib.