Sahibkar nənəyə görə nəvənin ailəsini evdən çıxarırlar - APA TV
Hələ 2019-cu ildə Bakıda ''Bulaq-2'' MTK bir mənzili iki-üç nəfərə sataraq vətəndaşlara külli miqdarda zərər vurmuşdu. Şirkətin sahibi isə Elmira Şirinova idi. Ona külli miqdarda pul verib ev alan şəxslər nə mənzillərini, nə də ki, pullarını geri ala bilirdilər. O, evində tək yaşayırdı. Qohumları onun işlərindən şikayətçilərin çəkib yutuba yerləşdirdiyi videolardan xəbər tutublar.
Törətdiyi əməlini etiraf edən sözügedən şirkətin mərhum sahibkarı Elmira Şirinova Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirli bilinib, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Lakin təqsirləndirilən şəxs qəfil vəfat etdiyi üçün ona cəza təyin edilməyib. Əvəzində isə hazırda zərərçəkmiş vətəndaşların mülki iddialarının təmin edilməsi üçün Elmira Şirinovanın və ailə üzvlərinin əmlaklarına - mənzillərinə, torpaq sahələrinə, avtomobillərinə xüsusi müsadirə olunması haqqında qərar verilib. Vəziyyət o həddə çatıb ki, qayınananın səhvini kürəkənə ödətdirirlər. Ən maraqlısı da odur ki, kürəkən Hamlet Hüseynov qayınanasının törətdiyi əməldən ancaq televiziyalar vasitəsilə xəbər tutub. Hamlet Hüseynov deyir ki, obyekt və avtomobillərlə yanaşı, 2003-2004-cü illərdə şəxsi vəsaiti hesabına aldığı evi əlindən alırlar. Baxmayaraq ki, evin Hamlet Hüseynova məxsus olduğunu təsdiqləyən çıxarış da var. Amma Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmənin qərarı ilə Elmira Şirinovanın kürəkəni Hamlet Hüseynova məxsus və nəvəsi Ağa Hüseynliyə məxsus əmlaklar xüsusi müsadirə edilib. Bundan başqa Ali məhkəmə də eyni qərarın qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. İndi Hüseynovlar ailəsi nə edəcəklərini bilmirlər.
'Bulaq-2'' MTK-nın mərhum direktoru Elmira Şirinovanın qızı İradə Eldarova da deyir ki, onu da körpə nəvəsi, gəlini ilə birlikdə çölə atırlar. İradə Eldarovanın sözlərinə görə, anasının səhvlərinə görə 5 ildir zülm çəkirlər. Döymədikləri qapı, müraciət etmədikləri qurum qalmayıb. Nə dinləyən var, nə də yaxına buraxan.
Müsahibimiz onu da əlavə etdi ki, onun qızını da evindən çıxarıblar. Hazırda o da iki körpəsi ilə birlikdə kirayədə yaşayır. “Bulaq-2” MTK-nın işi ilə tanış olanda şikayətçilərin danışıqlarında bir məqam diqqətimizdən yayınmadı. Elmira Şirinovanın tikdirdiyi binalardan bir neçə mənzil hansısa səbəbdən dövlət qurumuna verilib və elə çaşqınlıq da bundan sonra yaranıb. Bütün hallarda heç kəsin vətəndaşları aldatmağa ixtiyarı yoxdur. Amma...
Amma maraqlıdır, kimsə cinayət əməli, dələduzluq törədəcək və vəfat edəcək, bədəlini isə yaxınları ödəyəcək? Ümumiyyətlə nə dərəcədə düzgündür ki, heç bir günahı olmayan şəxsin rəsmi sənədlərlə adına olan evi əlindən alınsın, bu hansı qanunda var? Hüquqşünas Şamil Paşayev bildirdi ki, bu, hüquqi baxımdan doğru deyil. Məsələ ilə bağlı Baş Prokurorluqla əlaqə saxladıq. “Sizə cavab veriləcək” deyib, sorğumuzu cavabsız qoydular. Bakı Ali Məhkəməsindən isə bildirdilər ki, “məsələ ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur, tərəflərin məlumatı da var, ona görə də qanuni qüvvəsini almış qərar sonradan şərh edilə bilməz”. Ailənin evdən çıxarılması ilə bağlı tapşırığı Nərimanov rayon icra hakimiyyəti icra etdiyinə görə sözügedən qurumla da əlaqə saxladıq. Qurumun nümayəndəsi Emil Zeynalov bildirdi ki, onlar sadəcə icraçıdırlar: Sitat: “Siz Ədliyyə Nazirliyi ilə əlaqə saxlayın. Onlar sizin bütün suallarınızı cavablandıracaq”. Sitatın sonu. Təəssüf ki, Ədliyyə Nazirliyindən göndərdiyimiz sorğuya cavab verilmədi. Belə çıxır ki, qışın oğlan çağında körpəsilə birlikdə çölə atılan ailəyə hansısa qurum sahib çıxmayacaq. Amma bir sualımız açıq qaldı. Qaynananı törətdiyi dələduzluğa görə kürəkənin rəsmi adına olan evindən uzaqlaşdırılması hansı qanuna əsaslanır?
Aytən Sakitqızı