Sahibkarlar: “Dövlətin dəstəyindən yararlanıb işçilərimizin maaşını verdik”

Dünya iqtisadiyyatında durğunluq yaradan koronavirus pandemiyasının ölkəmizə təsirini azaltmaq üçün hazırlanan iqtisadi paketin artıq icrasına başlanılıb.

 

Ölkə iqtisadiyyatına mənfi təsiri azaltmaq üçün hazırlanan yardım paketindən yararlanan iri, orta və kiçik sahibkarlar bununla da gələcək fəaliyyətlərini qoruya biləcəklər.

 

APA TV xəbər verir ki, inşaat şirkətlərindən birinin baş mühasibi Şəlalə Xəlilova deyir ki, dünyada yayılan koronavirus pandemiyası nəticəsində iqtisadiyyatda baş verən durğunluq onların da müəssisəsindən yan keçməyib. Müsahibimiz əvvəlki aylara nisbətən hazırda satışın tam dayandırıldığını, çalışdığı şirkətin gəlirlərinin isə 90 faiz aşağı düşdüyünü deyir. Şirkət debitor borcluların ödənişləri yerinə yetirməməsi səbəbindən  əməkdaşlarının əmək haqlarını verməkdə çətinlik çəkirdi: “Ancaq Cənab Prezidentin sosial təşəbbüsündən yararlanaraq heç bir əməkdaşımızı ixtisar etməmişik. Hazırda sahibkarlara dövlət maliyyə dəstəyi olduğu bir zamanda biz də bu dəstəkdən yararlanaraq əməkdaşlarımızın maaşını verə bildik. Biz şirkət olaraq daima dövlətin dəstəyini hiss etmişik. Bu gündə pandemiyadan zərər çəkmiş bir müəssisə kimi dövlətimiz bizə dəstək oldu. Ölkə başçısına dərin təşəkkürümüzü bildiririk”.

 

Sahibkar Şəmil Sadiq isə deyir ki, bu iqtisadi paketi hazırlamaqla dövlət onların gələcək fəaliyyətini dayandırmamasına yardım etdi: “Azərbaycan dövləti atdığı addımlarla xalqının yanında olduğunu göstərdi. Xalq naminə atdığı addımların daha tutarlı olduğunu göstərdi. İlk başlayan gündən istər sosial yardım paketi, istərsə də sahibkarlara ayrılan müəyyən maliyyə güzəştləri, hətta fiziki şəxslərə maliyyə yardımlarının edilməsi olduqca sevindirici haldır. Hesab edirəm ki, bunu dəyərləndirmək də  xalqımızın borcudur. Amma sahibkarlara verilən dəstək bir daha onu göstərdi ki, Cənab Prezidentin dediyi kimi rəsmi iş fəaliyyəti göstərən şirkətlərin, insanların hər zaman yanındadır. Ümid edirəm ki, baş verənlər bir sıra sahibkarlara dərs oldu ki, onlar bundan sonra rəsmi fəaliyyət göstərəcəklər”.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyir ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən iqtisadi paket məşğul əhalinin sosial təminatının gücləndirilməsinə xidmət etməkdədir. Hazırda sahibkarlıq subyektləri, eləcə də fərdi sahibkarlar tərəfindən müraciətlər İqtisadiyyat Nazirliyinə daxil olur və həmin müraciətlər əsasında ödənişlərin həyata keçirilməsinə başlanılıb: “İqtisadi paket həm də sahibkarlar üçün vergi güzəştləri və güzəştli kreditlərə çıxış imkanları təklif edir. Artıq vergi güzəştləri İqtisadiyyat nazirliyi və digər dövlət qurumları ilə razılaşdırılıb. Sadələşdirilmiş vergi güzəşti iki dəfə azaldılacaq. 2020-ci ildə mikro sahibkarlar sadələşdirilmiş vergiyə iki dəfə az ödəniş edəcəklər. Eyni zamanda gəlir vergisi üçün 75 faiz güzəşt tətbiq olunacaq. Əmlak və torpaq vergisi üçün güzəştlər tətbiq olunacaq. Birbaşa ödəmə mənbəyindən olan icarə üçün müəyyənləşdirilmiş vergi dərəcəsi 14 faizdən 7 faizə endiriləcək. Beləliklə həm orta, həm də mikro sahibkarlar vergi güzəştlərindən faydalanmaq imkanına malik olacaqlar”.

 

Onun sözlərinə görə, pandemiya dövründə həyata keçirilən sosial siyasət bir daha Azərbaycan dövlətinin hər bir vətəndaşa xüsusi diqqət göstərdiyini və vətəndaşın sosial təminatının gücləndirilməsi ilə bağlı siyasi iradəsi olduğunu təsdiq edir.

 

Milli Məclisin deputatı Qənirə Paşayeva isə deyir ki, sahibkarlığa dəstək milli iqtisadiyyatın inkişafı deməkdir. Bu isə ehtiyacımız olan yeni iş yerlərinin açılmasına gətirib çıxara bilər. Hazırda dünyanın 175 ölkəsinin Dünya Bankından yardım üçün müraciət etdiyi bir zamanda Azərbaycan bu ölkələrin sırasında yer almır. Bu da Azərbaycan hökumətinin apardığı düzgün siyasətin nəticəsini bir daha ortaya qoyur. Azərbaycan hökuməti bu gün bütün imkanlarını səfərbər edərək iqtisadi proqramlar həyata keçirməklə sahibkarlara dəstək verir: “Cənab Prezident 190 manat alacaq insanların sayını 200 mindən 600 minə qaldırılması ilə bağlı sərəncam verdi. Eyni zamanda sahibkarların pandemiya səbəbindən ziyana düşməsinin qarşısını almaq məqsədilə dəstək proqramları həyata keçirilməyə başladı. Cənab prezident bu proqramların davam edəcəyinin anonsunu da verdi”.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən  bu il Azərbaycanda pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 300 min fərdi (mikro) sahibkara maliyyə dəstəyinin göstərilməsi üçün 80 milyon, ümumilikdə isə pandemiyadan zərərçəkmiş sahələrdə zərərin azaldılması üçün 2,5 milyard manat vəsait ayrılıb. 

Müəllif | Apa.Tv
Apa.tv