Sahibkarların ən nüfuzlu müsabiqəsində qazanmaq üçün nə etməliyik? – QALİB ÖZÜ DANIŞDI
“2020-si ildə bizə müraciət olundu ki, belə bir proqram var. EY şirkətinin qurduğu “ilin iş adamı” müsabiqəsi var. Bizim o dönəmdə həmin proqramdan xəbərimiz yox idi”.
Müsahibimiz Rəşxan Qaraşlı Xoreka biznesi ilə məşğul olan sahibkardır. İş həyatı 2012-ci ildən başlayır və onu Azərbaycandakı rəqabət mühitinə uyğunlaşmağa çalışan digər biznesmenlərdən fərqləndirən əsas üstünlük krizisi fürsətə çevirmək bacarığıdır. Xeyr, bu süjet Rəşxan bəyin motivasiya dolu həyat hekayəsindən bəhs etmir. Əksinə, burada başlıca motivasiya mənbəyi Rəşxan Qaraşlı kimi minlərlə sahibkarı bir-birindən səmərəli kommunikativ əməkdaşlıqlara cəlb edən Ernst and Young, yaxud ingilis baş hərfləri ilə desək (i-vay)EY şirkətidir. Əsası 1989-cu ildə qoyulan şirkət artıq 3 ildir ki, Azərbaycanda da fəaliyyət göstərməyə başlayıb. Şirkətin hədəfi dünyanın müxtəlif ölkələrində çalışan sahibkarlar arasında ilin iş adamını seçməkdir. Bəs EY ilin iş adamı müsabiqəsində qalib olmaq sahibkara nə qazandırır?
“Belə bir müsabiqənin olması, sahibkarın burada ala biləcəyi ən böyük fayda həm ölkə daxili, həm də ölkə xaricindəki digər sahibkarlarla əlaqələrdir. Çünki bu əlaqələr üzərindən yeni biznes ideyalar ortaya çıxmış olur. Bundan əlavə, EY ilə tanışlıq, onların məsləhətləri ilə işə sistematik yanaşma, hədəflərin qoyulması, hansısa sahədə konsaltinq, məsləhətə ehtiyacın olub olmaması, biznesin strategiyası ilə bağlı çox mühm addımlar atmağa stimul yaradır”.
2020-ci il üzrə EY (i-vay) tərəfindən ilin iş adamı seçilən Rəşxan Qaraşlıdan bu yarışmada qalib olmaq üçün hansı kriteriyalara üstünlük verildiyini soruşduq. Cavabı isə çox təəccüblü oldu. Bunu heç o özü də bilmirmiş.
“Təxmin edirəm ki, jüri ilə görüş zamanı danışdığım sözlər, xüsusilə 2015-16-cı illərdə ölkədə yaşanan devalvasiya zamanı bizim o devalvasiyanı geridə qoya bilməyimiz seçilməyimizə təsir edib. Həmin dövrdə bir çox şirkət işçilərin maaşını azaltdığı halda, biz əksinə maaşları artırdıq və nəticədə həmin ili ən uğurlu il kimi başa vurduq. Hətta bir sıra rəqiblərimiz bazardan çıxdı. Düşünürəm, bu tip fərqli yanaşmalar onların diqqətini çəkmiş ola bilər. Onlar bu kriteriyalar barəsində qalibin özünü belə bilgiləndirmirlər”.
Bəli, əgər kritik durumlarda düzgün və operativ qərarvermə bacarığına sahibsinizsə, böyük ehtimalla, EY sizi də nə vaxtsa ilin iş adamı elan edə bilər.
Maraqlıdır ki, EY şirkətinin ölkələr üzrə təyin etdiyi münsiflər heyəti qurumun idarəçiləri arasından seçilmir. Məsələn, 2020, 2021 və 2022-ci il üzrə münsiflər Azercell Telekomun prezidenti Zarina Zeynalova, Cənub Qaz Dəhlizi layihəsinin direktoru Əfqan İsayev, Beynəlxalq Maliyyə korporasiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aliyə Əzimova, Paşa Holdinqin rəhbəri Mir Camal Paşayev və Qustav Nobeldir. Bəli, söhbət adını daha çox “Nobel mükafatı” ifadəsindən eşitdiyimiz, Azərbaycanla böyük tarixi və iqtisadi əlaqələrə sahib Nobellər ailəsinin nümayəndəsindən gedir.
Nəzərə alsaq ki, Ernst and Young şirkətinin “İlin İş Adamı” müsabiqəsi dünya üzrə sahibkarların ən nüfuzlu beynəlxalq müsabiqəsidir, deməli, gələcək perspektivlərini düşünərək addım atan hər bir sahibkar bu fürsətdən yararlanmalıdır.
Mir Çingiz Ağazadə,
Xəyal İskəndərov,
APA TV