Sahibkarların sosial sığorta yükü aşağı salınır – QANUN LAYİHƏSİ HAZIRLANDI
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa zəruri dəyişikliklər hazırlanıb.
Bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Naziriyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Samirə Musayeva təkliflər paketində sosial sığorta yükünün azaldılması və sosial öhdəliklərin yerinə yetirilməsində inzibatçılığın sadələşdirilməsi ilə bağlı məsələləri şərh edərkən deyib.
Onun sözlərinə görə, sahibkarlıq subyektlərinə verilən dəstək tədbirlərinin içərisində həm də onların sosial sığorta yükünün azaldılması ilə bağlı təkliflər əksini tapıb: “Həmin dəyişikliklər də sahibkarlıq subyektləri, biznes icması və hökumət üzvləri ilə geniş müzakirələr aparıldıqdan sonra ölkə başçısı tərəfindən imzalanaraq Milli Məclisə təqdim edilib. Sosial sığorta dərəcələrinin azaldılması daha çox sosial sığorta yükünün sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslərin sosial sığorta dərəcəsinin azaldılması üzərində təkliflər hazırlanıb”.
Təqdim olunan qanun layihəsinə əsasən, tikinti sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sosial sığorta yükü 25%, digərlərinin sosial sığorta yükü 15%-ə endirilib. 2021-ci ildən sonra da sahibkarlıq subyektlərinin sosial sığorta yükünün aşağı salınması ilə bağlı qanun layihəsi təqdim edilib.
Qanun layihəsinə əsasən 2021-ci ilin yanvarın 1-dən 2026-cı ilə qədər olan dövr ərzində fərdi qaydada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin də sosial sığorta yükü aşağı salınıb. Belə ki, tikinti sektorunda sosial sığorta yükü 50 faiz saxlanılıb, sahibkarlıq sahəsində fəaliyyət göstərən digər subyektlərdə isə sosial sığorta yükü 25 faizə endirilib.
Qurum rəsmisi həmçinin qanun layihəsi çərçivəsində müəyyən sahibkarlıq fəaliyyəti sahələrinə xüsusi təşviqlər tətbiq edildiyini də vurğulayıb.
Bununla yanaşı qanun layihəsi çərçivəsində kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçiləri tərəfindən özünün hər bir əmək qabiliyyətli ailə üzvünə görə, hesablanan sosial sığortanın dərəcəsinin də aşağı salınması nəzərdə tutulub.
Samirə Musayevanın sözlərinə görə, bundan başqa, ölkədə pandemiyadan zərərçəkən sahibkarlıq subyektlərinə vergi sahəsində təşviqlərin verilməsi ilə bağlı müvafiq dəyişikliklər hazırlanıb: “Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında həmin qanun bütövlükdə pandemiyadan əziyyət çəkən bir sıra fəaliyyət sahələrinə geniş həcmli təşviqləri təmin edib. Pandemiyadan zərərçəkən sahibkarlıq fəaliyyəti növləri kimi ölkədə istər şəhərlər, istərsə də rayonlar arası sərnişindaşıma fəaliyyətini həyata keçirən subyektləri, yerləşdirmə vasitələri hesab olunan mehmanxana, hotel, hostel kimi təsərrüfatları, bundan başqa ictimai iaşə fəaliyyətini həyata keçirən sahibkarlıq subyektlərini misal göstərmək olar”.
Samirə Musayevanın sözlərinə görə, bütün növ tədris müəssisələri də pandemiyadan zərərçəkən sahələr kimi müəyyən edilib. Qanun layihəsində pandemiyadan zərərçəkən sahələrə əmlak və torpaq vergiləri üzrə 2020-ci il üçün tam vergi azad olunması verilib, mənfəət vergisi üzrə isə 75 faizlik güzəşt müəyyən edilib.
Ölkə daxilində sərnişindaşıma habelə ictimai iaşə fəaliyyətini həyata keçirən subyektlər üçün sadələşdirilmiş verginin xüsusi rejimini hüququndan istifadə edən sahibkarlar üçün də sadələşdirilmiş verginin dərəcəsi də 50 faiz azaldılıb.
Həmçinin pandemiya dövründə zərərçəkən sahibkarlıq subyektlərinin cari vergi ödəmələri təxirə salınıb. Digər tərəfdən sahibkarlıq subyektlərinin 2019-cu ilin nəticələri üzrə mənfəət vergisi bəyannamələrinin təqdim edilməsi və ödənişlərin edilməsi, həmçinin mikro sahibkarlıq subyektləri tərəfindən sadələşmiş vergi, mənfəət vergisi, muzdlu işdən gəlir üzrə dövlət büdcəsinə hesablamaların, ödənişlərin edilməsi də 2020-ci ilin sentyabrın 1-nə qədər təxirə salınıb.
Elvin Paşazadə
APA TV