Sahibsiz itlər kənd sakinlərinin heyvanlarını parçalayıb yeyir
Ağcabədi rayonunda sahibsiz itlər yerli sakinlərə gün verib işıq vermir. Vəhşiləşmiş itlər kəndlilərə məxsus heyvanları parçalayıb yeyir.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Boyad kəndində sahibsiz it sürüləri otlaq sahələrində otlayan xırdabuynuzlu heyvanlara hücum çəkir. Sakinlər bildirir ki, günün günorta çağı kəndlərə axın edir. Onların sözlərinə görə, əgər itlər kəndə girəndə evdə olmadınsa heyvanların qanı getdi. Çünki sahibinin evdə olmaasından istifadə edib, həyətdəki heyvanları da parçalayırlar. Sakinlərin sözlərinə görə, artıq son günlərdə 4 nəfərə məxsus təsərrüfatda 10 - dan çox heyvan it hücumu zamanı ölüb.
- Gəldim ki, birini orda paralayıb, birini bu tərəfdə. Dördü də bu tərəfdə yaralayıb. Kimə də müraciət edirik deyir bizlik deyil. Bələdiyyənin sədrini çağırdıq gəldi, təzədən gətirdilər vaksin vurdular. Camal həkim gəldi tikdi yaralarını. Lap bu heyvan deyil uşaqdır. Allah haqqı uşağın üstünə düşsə, uşağı diri-diri yeyər.
- Zəng vurdular ki, qoyunları itlər parçalayıb. O qaça-qaça gəldi, mən də daldan. Xəstə adamam gücüm çatmır… kənddə çox olub hə… Qardaşımın heyvanını düz artırmada yeyib. Həyətdə qovlayıb, çıxardıb orda yeyib.
Hadisə ilə bağlı Ağcabədi rayon Boyat kənd bələdiyyəsinin sədri Mütəllim Məmmədov ilə əlaqə saxladıq. Bələdiyyə sədri bir para it sürüsünün qarşısında çarəsiz qaldıqlarını deyir:“Həqiqətən Boyatda acınacaqlı bir vəziyyət yaranıb. Artıq bu dördüncü adamdır ki, qoyunların parçalayır sahibsiz itlər. Onunla da bağlı müraciət olunub müəyyən yerlərə. İcra hakimiyyətinə də müraciət olunub ki, bəs belə-belə… Yəni Dövlət bunun vurulmasına icazə vermir. Hamısı da sahibsiz itlərdir. Ona görə də bir tədbir görə bilmirik. Yəni o qoyunları parçalayanda baytarlıq idarəsinə zəng eliyib məlumat veririk. Onlar da sağ olsunlar, gəlirlər yaraları tikirlər, vaksinləyirlər sonra çıxıb gedirlər. Ancaq onların haqqında bir tədbir görə bilmirlər.”
Görünür təsərrüfatlarına dəyən ziyanın dərdini bir kənara qoyub uşaqlarının da itlərin hücumuna məruz qalacağı qorxusu ilə yuxusu ərşə çəkilən kənd sakinləri hələ çox yuxusuz gecələr keçirəcək.
Habil Aslanoğlu, Ziya İsmayıloğlu, APA TV Ağcabədi