Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər – Xəsarətsiz ötüşmədi
Ölkədə sahibsiz itlərin insanlara hücum etməsi ilə bağlı hadisələr tez-tez yaşanır. Bu dəfə xoşagəlməz hal Xırdalan şəhərində yaşanıb. Sahibsiz itlər itlərdən biri sakinlərdən birini qolundan yaralayıb. Hadisə ilə bağlı sözü gedən əraziyə yollandıq. Hücuma məruz qalan vətəndaşla əlaqə yaratmaq alınmasa da APA TV-nin çəkiliş qrupunu görən sakinlər sürü halında gəzən sahibsiz itlərin insanlara hücumlarından xeyli giley-güzar etdilər. Bildirdilər ki, sahibsiz itlər camaatın rahatlığını əlindən alıb, bir baxan, maraqlanan da yoxdur. Xüsusilə məktəblilərin dərsə gedib-gəlməsində problem yaşanır. Sakinlər bildirir ki, sahibsiz küçə itlərinin təhlükəsindən yayınmaq üçün uşaqları məktəbə özləri aparıb-gətirməli olurlar. Mövcud problemlə əlaqəli Abşeron rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, sahibsiz heyvanlara qarşı kobud və qanunsuz hərkətlərin, o cümlədən digər hər hansı radikal addımın atılmasının mümkünsüzlüyünü nəzərə alaraq Rayon İcra Hakimiyyəti tərəfindən, mütəxəssislərin də rəyi nəzərə alınmaqla, Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin layihəsi hazırlanıb: “Layihədə sahibsiz heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar, həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları, o cümlədən istənilən şəxslər tərəfindən himayəyə götürülməsi imkanlarının yaradılması nəzərdə tutulub. Tərəfimizdən layihənin smeta xərcləri işlənilib hazırlanıb, bu layihənin tikintisi üçün də maliyyə vəsaiti ayrılıb. Hətta xidməti personal belə təyin edilib. Bütün bu işlərə paralel olaraq Mərkəzin spesifik xüsusiyyətləri nəzərə alınmaqla tərəfimizdən mərkəzin tikintisinin aparılacağı torpaq sahəsi müəyyən edilib. Hazırda aidiyyəti qurumlarla birgə həmin torpaq sahəsinin sənədləşdirmə işləri həyata keçirilir. Sənədləşmə işləri artıq son mərhələdədir. Bu işlər başa çatdıqdan sonra mərkəzin tikintisinə başlanılacaqdır”-deyə, açıqlamada qeyd edilir. XƏDİCƏ SƏXAVƏT VÜSAL QƏNBƏROV, APA TV