“Sahil” bağındakı fəvvarələrin elektrik kabellərini oğurlayan şəxs tutuldu
Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş Emil Məlikli saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, onun Səbail rayonunda iki binanın saxlanc yerindən məişət əşyaları, bir nəqliyyat vasitəsinin yan güzgüsünü və 3 nəfərin evindən geyim əşyaları oğurladığı məlum olub. E.Məliklinin zərərçəkən şəxslərə ümumilikdə 3000 manata yaxın maddi ziyan vurduğu məlum olub.
Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə rayon ərazisində yerləşən “Sahil” bağındakı fəvvarələrin elektrik kabellərini oğurlayan paytaxt sakini Azər Məmmədov saxlanılıb. Onun müxtəlif vaxtlarda həmin parkda uzunluğu 900 metr, dəyəri 2500-3000 manat olan elektrik kabellərini oğurladığı məlum olub. A.Məmmədov əldə etdiyi kabelləri yandıraraq mis halında əlvan metal qəbulu məntəqələrindən birinə satıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
E.Məlikli və A.Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, bölmə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.