Sakinlər kəndin bu tayından o tayına keçə bilmirlər

İsmayıllı rayonunun Zeyvə kəndini iki hissəyə bölən çayın üzərində olan körpü bərbad vəziyyətdədir.

 

Sakinlər bildirir ki, Basqal çayına gələn sel suları çay üzərindəki körpünün sıradan çıxmasına səbəb olub. Bir neçə dəfə öz hesablarına təmir etməyə çalışsalar da təmirlər körpünün dağılmasının qarşısını ala bilməyib. Bu vəziyyət isə sakinlər üçün bir sıra problemlər yaradır. Məktəblilər dərsə gedib gəlməkdə çətinlik çəkir. Elə kənd sakini var ki, kəndin bu tayından olan o biri tayına qonaq gedib selə görə evinə qayıda bilməyib.

 

Məsələ İlə bağlı kəndin icra nümayəndəsi ilə əlaqə saxladıq. İcra nümayəndəsi Hamlet Tağıyev bildirdi ki, yaranmış problemdən xəbərləri var və bu haqda rayon rəhbərliyinə, eləcə də aidiyyəti qurumlara məlumat verilib.

 

Nümayəndə onu da qeyd etdi ki, həmin yol və körpü Dövlət Avtomobil Yolları agentliyinə aiddir. Odur ki, AAYDA-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. Qurum rəsmisi bildirdi ki, Agentliyin balansında belə bir ərazi yoxdur.

 

Qurum sözcüsünün bu açıqlamasından sonra yenidən cavabdeh olduğu ərazilərdən bixəbər olan İsmayıllı RİH başçının Xankəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə əlaqə saxladıq. İcra nümayəndəsi Hamlet Tağıyev bildirdi ki, həmin çay Zeyvə kənd bələdiyyəsinin ərazisinə daxildir və hazırda  daxili imkanlar hesabına körpünün təmiri və ya yenidən inşasının həyata keçirilməsi üçün bələdiyyənin balansında yetərli vəsait yoxdur.  Körpünün hazırkı vəziyyəti barədə lazımi qurumlara məlumat verilib, gələcəkdə layihə olarsa həmin çayın üzərində yeni körpü salına  bilər.

 

Qeyd edək ki, körpünün hazırkı durumu Zeyvə kəndində 400-dən artıq ailəni çarəsiz qoyub.

Müəllif | Apa.Tv
Apa.tv