Sakinlər şikayətçidir: “31 minin üstünə 5 min qoyum, mənə ev alıb versinlər” - APA TV

Sumqayıtda 2-ci mikrorayonda yerləşən 13 saylı yataqxananın sakinləri Şəhər İcra Hakimiyyətindən şikayətçidir. 13 saylı yataqxananın binası qəzalı vəziyyətdə olduğundan bina sökülür. Amma sakinlər icra tərəfindən təklif olunan kompensasiya məbləğindən narazıdır. Vətəndaşlar bildirir ki, kompensasiya 2019-cu ildə aparılmış siyahıyaalma əsasında verilir. 4 nəfərdən artıq şəxsin qeydiyyatda olduğu mənzillərin əvəzinə ailələr 3 otaqlı mənzillə, 4 nəfərdən az olanlar isə, 31 min manat məbləğində kompensasiya ilə təmin olunur. Sakinlər isə bu məbləğə nəinki şəhər ərazisində, hətta şəhər ətrafında da bir otaqlı mənzil belə düşmədiyini bildirirlər. Yataqxanada yaşayan 6 ailə keçmiş məcburi köçkünlərdir. Onlar da çətin vəziyyətə düşdüklərini deyirlər. Məsələni belə görüb üzümüzü tutduq ev alqı-satqısı ilə məşğul olan şəxslərə. Sumqayıt şəhərində ev alqı - satqısı ilə məşğul olan İsa Həsənov da, 31 min manata şəhərdə 1 otaqlı mənzil almağın qeyri-mümkün olduğunu bildirir. Əmlak bazarı üzrə ekspert Ramil Osmanlı isə deyir ki, bu gün ayrılmış həmin məbləğə 1 otaqlı mənzil almaq mümkün olmasa da, kompensasiya məbləği normal rəqəm hesab edilə bilər. Hüquqşünas Ramil Süleymanov isə bildirir ki, vətəndaşlar binanın sonrakı taleyi ilə bağlı ilk növbədə icraya rəsmi sorğu göndərməlidirlər. Kompensasiya məbləğinə gəlincə isə yaranan problemlə əlaqəli vətəndaşların məhkəməyə müraciət etmək hüquqları var. Sumqayıt şəhər İcra Hakimiyyətinin sözçüsü Eyvaz Qocayev deyir ki, Sumqayıt şəhərində hazırda 3 yataqxana qəzalı vəziyyətdədir və bu yataqxanalarda ümumilikdə 272 ailə məskunlaşıb: “Aidiyyəti qurumlar tərəfindən verilmiş rəy əsasında sözügedən yataqxanalarda yaşayan ailələrin köçürülməsi ilə bağlı qərar verilib. Ailə tərkibi 3 nəfərə qədər olanlara maddi yardım (31 min manat) verilir, 3 nəfərdən çox olanlar isə mənzillə təmin olunub. Məlumat üçün bildirək ki, Sumqayıt şəhər 29-cu məhəllədə 1974-cü ildən istismara verilmiş 1 saylı, Kimyaçılar yaşayış massivində 1974-cü ildən istismara verilmiş 3 saylı və 2-ci mikrorayonda 1960-cı ildən istismara verilmiş 13 saylı yataqxanaların boşaldılması qərarı verilib ”- deyə, məlumatda bildirilir. Ümumilikdə, şəhərdə 60 –a yaxın yataqxana var. Xədicə Səxavət, Əli Əliyev, APA TV

Müəllif | Apa.Tv
Apa.tv