Salyan sakini həmyerlisini siqaret üstündə qətlə yetirdi

Salyanda qətl hadisəsi baş verib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Salyan şəhəri Təbriz Xəlilbəyli küçəsində Heydər Əliyev parkının qarşısında qeydə alınıb. Salyan şəhər sakini, 1991-ci il təvəllüdlü İnsanağa Əfsərağa oğlu Əsgərov şəhər sakini, 1970-ci il təvəllüdlü Əhmədov Natiq Adil oğluna bıçaqla ürək nahiyəsindən vuraraq qətlə yetirib. Şahidlərin sözlərinə görə, hadisədən qabaq qohum toyundan qayıdan Natiq Əhmədov bacısı oğlunu yola salarkən sözügedən ünvanda şəhər sakini İnsanağa Əsgərov qəflətən qarşısına çıxaraq ondan siqaret istəyir. Elə olay da bundan sonra baş verir.

Natiq Əhmədov ürək nahiyəsindən aldığı bıçaq yarasından hadisə yerində keçinib.

Mərhumun özündən sonra üç qız, bir oğul övladı  qalıb. Bu yaxınlarda isə qızlarından birinin toyu olacaqdı.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


İnsanağa Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv