Salyanda avtomobil kanala aşdı, sürücü və həyat yoldaşı öldü
Salyanda avtomobil kanala aşıb, sürücü və həyat yoldaşı ölüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.
Neftçala rayonunun Surra kəndində yerləşən fermer təsərrüfatında çalışan paytaxt sakini, 1963-cü il təvəllüdlü Qalib Əhmədov idarə etdiyi furqon tipli “Moskvich-412” markalı avtomobili kanala aşırıb. Nəticədə sürücü və avtomobildə olan qeyri-qanuni nikahda olduğu qadın - Biləsuvar rayon sakini suda boğularaq ölüblər.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Muğan Regional Mərkəzinin axtarış-xilasetmə qrupları cəlb olunub.
Regional mərkəzin qüvvə və vasitələrinin köməkliyi ilə avtomobil kanaldan çıxarılıb. Maşının içərisində aşkarlanan sürücünün və qadının meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.