Salyanda dəhşətli qətl – ƏR ARVADINI XƏSTƏXANADA BIÇAQLADI
Salyanda ər arvadını qətlə yetirib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Salyan rayonlararası Ağciyər Xəstəlikləri Dispanserində qeydə alınıb. Belə ki, Salyan şəhər sakini, 38 yaşlı Namiq Əliyev dispanserdə baş tibb bacısı işləyən həyat yoldaşı, 37 yaşlı Bəsti Cəfərovanı bıçaqla vuraraq qətlə yetirib.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Əraziyə baxış keçirildikdən sonra meyit müayinə olunmaq üçün əvvəlcə Salyan məhkəmə tibbi ekspertiza və patoloji anatomiya mərkəzinə sonra isə ailəsinə təhvil verilib.
Yaxınlarının dediyinə görə, rayonun Yenikənd kənd sakini Bəsti Cəfərova bir neçə il bundan öncə şəhərə gəlin köçüb. Bu niKahdan bir qız uşaqları da olub. Son vaxtlar ailədə tez-tez münaqişələr yaranıb. Nəhayət bu gün Namiq Əliyev dispanserə gələrək həyat yoldaşı ilə mübahisə edib və o, Bəsti Cəfərovanı otaqlardan birinə salaraq arxadan açarla qapını bağlayıb. Bağlı otaqda həyat yoldaşını qətlə yetirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Əlibəy Zeynallı
Elçin Həsənov
APA TV