Salyanda əməliyyat: keçmiş məhkum saxlanıldı
Salyanda saxlanılan narkokuryerdən 5 kiloqramdan artıq heroin götürülüb
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində xarici ölkə vətəndaşı tərəfindən pul müqabilində narkokuryerliyə cəlb edilən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Qasımov rayon ərazisində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı əlində olan torbadan yəni 5 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı Emin Qasımov əcnəbi narkotacirə pul müqabilində narkokuryerlik etdiyini etiraf edərək, ondan aşkarlanan narkotik vasitəni 500 manat qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.