Salyanda fermadan 73 baş heyvan oğurladılar

Salyanda fermadan 73 baş heyvan oğurlayanlar yaxalanıblar.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Peyk kəndi ərazisində yerləşən fermaların birindən 73 baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən rayonun Birinci Varlı kənd sakinləri Famil Rzayev və Şəhriyar Əsədli saxlanılıblar.

 

Dindirilmə zamanı həmin şəxslər törətdikləri əməli etiraf edərək, oğurluq yolu ilə ələ keçirdikləri xırdabuynuzlu heyvanların bir qismini dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Heyvanların digər qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb və zərərçəkmişə geri qaytarılıb.

 

Bundan əlavə, polis əməkdaşları tərəfindən Famil Rzayevin və Şəhriyar Əsədlinin ətrafında aparılan əməliyyat-istintaq hərəkətləri zamanı onların digər bir cinayət əməllərinin üstü də açılıb. Belə ki, həmin şəxslərin cari ilin oktyabr ayının əvvəlində rayonun Düzənlik kəndi ərazisində yerləşən fərdi təsərrüfatların birindən 2 baş iribuynuzlu heyvanı oğurlayaraq zərərçəkmişə maddi ziyan vurduqları müəyyən edilib.

 

Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv