Salyanda yaşayış binasında partlayış olub - 1 YARALI

 

Salyanda yaşayış binasında yanğınla nəticələnən partlayış baş verib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə A.Ağabəyli küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində, ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzildə qeydə alınıb.

Yanğın nəticəsində mənzilin 1 otağının yanar konstruksiyaları və içərisində olan ev əşyaları 20 m² sahədə yanıb. Partlayış dalğasının təsirindən mənzilin 2 ədəd pəncərə çərçivəsi yerindən çıxıb. Hadisə zamanı 34 yaşlı Zamiq Zakir oğlu Məziyev 3-cü dərəcəli ağır yanıq xəsarəti ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada ona ilk tibbi yardım göstərilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub. Hadisə nəticəsində qonşuluqda yerləşən mənzillərə də ziyan dəydiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv