Şamaxıda ata övladlarının gözü qarşısında göldə boğuldu

Şamaxı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Şamaxı şəhər sakini, 1981-ci il təvəllüdlü Ömərov Xalid İsmayıl oğlu rayonun Kərkənc kəndi ərazisində yerləşən göldə balıq tutarkən ehtiyatsızlıq edib və palçığa görə ayağı sürüşərək suya yıxılıb.

 

Xalid Ömərov köməksiz vəziyyətdə qaldığı üçün suda boğularaq ölüb. Məlumata görə, Xalid Ömərov balıq tutmağa 3 azyaşlı uşağı ilə gedib və hadisə də övladlarının gözü qarşısında baş verib. Uşaqlar suda boğulan atalarına kömək etmək üçün kənd sakinlərini əraziyə çağırıblar, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

 

X.Ömərovun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib. Faktla araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv