Şamaxıda körpə doğuş zamanı ölüb
Şamaxıda körpə doğuş zamanı ölüb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon sakini, 2001-ci il təvəllüdlü Lamiyə Zərbəliyeva Şamaxı Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində təbii doğuş yolu ilə qız övladını dünyaya gətirib.
Qadının atası, Qobustan rayon sakini Araz Rüstəmov deyir ki, Lamiyənin hamiləlik dövründə problemi olmayıb, lakin, doğuşdan yarım saat sonra tibb işçiləri körpənin vəziyyətinin qəflətən pisləşdiyini və öldüyünü bildiriblər. Ananın vəziyyəti isə orta-ağırdır.
Həkim Nəzakət Abdurracaqova deyir ki, doğuşdan əvvəl ana və uşağın vəziyyəti normal olub, lakin, doğuş zamanı qəflətən uşağın vəziyyəti pisləşib, lazımi tədbirlər görülsə də, körpənin həyatını xilas etmək mümkün olmayıb. Ananın vəziyyəti isə yaxşıdır.
Hazırda ölümün səbəbi araşdırılır. Qeyd edək ki, Lamiyə Zərbəliyeva ötən il Qobustandan Şamaxıya gəlin köçüb. Bu onun ilk hamiləliyi olub.