Şamaxıda qadın və kişini öz evində döyərək quldurluq edən şəxslər həbs edildi

Şamaxıda mənzilə basqın edərək yaşlı qadın və kişiyə qarşı zorakılıq edən, onlara məxsus əşyaları talan edən şəxslər tutulub. 

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Şamaxı şəhər sakini Zərifə Niyazova Polis Şöbəsinə müraciət edərək bildirib ki, 24 avqust 2020-ci il tarixdə gecə saat 2 radələrində naməlum şəxslər evinə hücum edərək onu və həyat yoldaşı Polad Niyazovu döyərək əmlaklarını talan ediblər.

 

Aparılan istintaq zamanı müəyyən edilib ki, Şamaxı şəhər sakinləri - 1999-cu il təvəllüdlü Elxan Heybətov, 1992-ci il təvəllüdlü Pərvin Həmidov və 1985-ci il təvəllüdlü Valeh Pənahov özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub və bir qrup şəxs halında cinayət əlaqəsinə giriblər. Onlar həmin gecə Zərifə Niyazovanın yaşadığı mənzilə daxil olub, evdə olan qadın və kişidən 22 min ABŞ dolları məbləğində pulun verilməsini tələb edərək yumruqla, evdə olan çəlik (əsa) və bıçaqla Zərifə və Polad Niyazovu vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

 

Sonra quldurlar evdə olan “Nokia 112” markalı, “Samsung Galaxy J2” markalı mobil telefonları, 17 manat nağd pulu götürərək qaçıblar.

 

Onlar barəsində cinayət işi açılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırma davam edir.

 

Şahnəzər Bəşirov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv