Şamaxıda yeni asfalt vurulan yollar dağılıb
Şamaxı şəhərində yeni istifadəyə verilən Bakı və M. Rəsulzadə küçələrinin asfalt örtüyü çöküb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, təxminən 5-6 ay öncə bu yollar yenidən qurularaq əhalinin istifadəsinə verilsə də sakinlərin sevinci çox çəkməyib. Bu yollarda iri çatlaqlar, çökmələr və iki metr dərinliyində çuxurlar əmələ gəlib. Mövcud vəziyyət hər gün bu yollardan istifadə edən sürücülərlə yanaşı piyadaların da həyatını təhlükəyə atır.
Sakinlər iddia edir ki, bu yol yeni çəkilib istifadəyə veriləndən bir-iki gün sonra çökməyə başlayıb. Dəfələrlə gəlib təmir etsələr də nəticəsi olmayıb. Şikayətçilərin sözlərinə görə, günü-gündən çökmələrin sayı artır, asfalt örtüyündə iri çuxurlar əmələ gəlir.
Mövcud problemlə bağlı Şamaxı rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bu qurumun nümayəndəsi Rəşad Əliyev şifahi olaraq APA TV-yə bildirib ki, sözü gedən hər iki küçədə 40 il bundan öncə çəkilən yeraltı su ötürücülərinin lil və çöküntü ilə dolması və hazırda işləməməsi səbəbindən son günlər yağan intensiv yağışlar nəticəsində sel-suları yeni çəkilən asfalt örtüyünü dağıdaraq bəzi hissələrini yararsız vəziyyətə salıb. Bundan əlavə Bakı küçəsi sürüşmə zonasında yerləşdiyi üçün həmin yolda çöküntü baş verir. Rəşad Əliyev yaxın günlərdə kollektor və su ötürücülərinin təmir olunacağını və həmin küçələrə yenidən asfalt örtüyünün vurulacağını bildirib.
Şahnəzər Bəşirov, APA TV, Şamaxı