Şamaxının bu kəndində yağış suyu görün necə istifadə edilir

Şamaxı rayonun Çıraqlı kəndinin sakinləri iyirmi ildir ki, su üzünə həsrətdirlər. Kənddə nə içməyə, nə də təsərrüfatları suvarmağa su tapmaq olur. Kimin nəqliyyat vasitəsi varsa qonşu kəndlərdən su gətirir, olmayanlar isə suyu almaq məcburiyyəti qarşısında qalırlar. Sakinlər bildirir ki, əvvəllər qonşu qəsəbədən kəndə su xətti çəkilsə də hazırda həmin xətlər də yararsız vəziyyətdədir. Kənd camaatı yağış suyunu toplayıb təsərrüfat və məişətdə istifadə edir, hətta yağış suyunu içənlər də var. Çünki bir maşın suyun qiyməti 50-120 manat arasında dəyişir. Problem tək susuzluq deyil. Camaat deyir ki, yağış yağanda bir gözümüzlə gülüb, bir gözümüzlə ağlayırıq. Çünki yağış bir tərəfdən su toplamağımıza kömək edirsə, digər tərəfdən yararsız olan kənd yolunu bir az da əldən salır. Yol problemi ilə bağlı AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirdi ki, yolun yenidən qurulması nəzərdə tutulub. Kəndin içməli və suvarma suyu probleminə çarə tapmaq ümidi ilə həm “Azərsu” Açıq səhmdar Cəmiyyəti, həm də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC ilə əlaqə saxladıq. Hər iki qurumun mətbuat xidmətindən aldığımız cavabdan aydın oldu ki, kənd nə “Azərsu” ASC-nin, nə də Meliorasiya və Su Təsərrüfatı ASC-nin xidmət sahəsinə daxildir. Problemi belə görüb kənd bələdiyyəsi ilə əlaqə saxladıq. Çıraqlı kəndinin tabe olduğu Sabir qəsəbəsinin bələdiyyə sədri Elşən Dəmirov bildirdi ki, kənddə içməli su ilə bağlı layihələndirmə işləri aparılır. İndi sakinlərə problemin həll ediləcəyi günü ümid və səbirlə gözləmək qalır.

Müəllif | Apa.Tv
Apa.tv