Samir Nuriyev Prezident Administrasiyasının rəhbəri təyin edildi

Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib.

 

APA TV-nin xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

 

Qeyd edək ki, Samir Nuriyev 9 mart 1975-ci ildə Bakıda anadan olub. 1991-1996-cı illərdə Azərbaycan Texniki Universitetinin Mühəndis biznesi və menecment fakültəsində  mühəndis-iqtisadçı ixtisası üzrə təhsil alıb. 2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək, Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib.

 

1996-2003-cü illərdə müxtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində, 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində çalışıb.

 

2006-cı ildə İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilib. Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən 2009-cu ildə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi, 12 aprel 2016-cı ildə Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru, 14 fevral 2018-ci ildə Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri, 21 aprel 2018-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.

Müəllif | Apa.Tv
Apa.tv