Samir Şərifov: “Əsas məsələ Qarabağın yenidən qurulması və iqtisadiyyata reinteqrasiyasıdır”
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb, gələn ilin dövlət büdcə zərfinin müzakirələri davam etdirilib.
APA TV-nin xəbərinə görə, iclasda Baş naziri Əli Əsədov və hökumət üzvləri də iştirak edib.
Maliyyə naziri Samir Şərifov bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə hazırda işğaldan azad olunmuş ərazilərdəki infrastrukturlara və orada yaşayan əhaliyə dəymiş ziyanın hesablanması və digər mühüm məqamların aydınlaşdırılması üçün beynəlxalq ekspertlərin də cəlb edilməsi ilə xüsusi proqram layihəsinin başa çatması üzərində işlər aparılır: “Bütün bunlar başa çatdıqdan sonra maliyyə mənbələri və kənardan resurs cəlb edilməsi halları müəyyən ediləcək. Prezidentin tapşırığı ilə artıq bir sıra beynəlxalq maliyyə institutları ilə də məsləhətləşmələr aparılır. 2021-ci il dövlət büdcəsinin sosialyönümlü xərclərin artımı 5,3% təşkil edib. Bizim üçün 2021-ci ildə əsas prioritet məsələ Qarabağın yenidən qurulması və Qarabağın Azərbaycanın iqtisadiyyatına reinteqrasiyasına nail olmaqdır”.
Müzakirələrdən sonra 2021-ci il dövlət və icmal büdcənin layihələri səsverməyə qoyularaq qəbul edilib. Beləliklə 2021-ci il dövlət büdcəsinin gəlirləri 25 427,0 mln. manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6%-i həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303,0 mln. manat və yaxud 5,4%, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 208,9 mln. manat və yaxud 5% çoxdur.
2021-ci il dövlət büdcəsinin xərcləri 28 543,0 mln. manat (ÜDM-də xüsusi çəkisi 37,7%) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 050,8 mln. manat və ya 3,8%, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 117,1 mln. manat və ya 16,9% çoxdur.
Bununla yanaşı, 2021-ci ilin dövlət büdcəsində yaşayış minimumu ölkə üzrə 196 manat məbləğində müəyyən edilib.
O cümlədən əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilir. Bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6 manat və ya 3,1 faiz çoxdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, cari ildə saxta pensiya işləri ləğv edilib, optimallaşdırılıb. Bunun nəticəsində 250 milyon manatlıq vəsaitə qənaət edilib: “Ümumilikdə şəhid ailələrinə bu günə kimi 9 mindən artıq mənzil, 7 mindən artıq avtomobil bu kateqoriyadan olan insanlara verilib. Bu proses davamlıdır cari il ərzində 1400 mənzil və fərdi ev şəhid və müharibə əlillərinin ailələrinə təqdim edilib”.
Sosial müavinətlərin növlərinə, müavinətlərin təyin olunması şərtlərinə, müavinətlərin təyin edilməsi müddətinə də dəyişiklik edilib. Bundan sonra hərbi qulluqçuların uşaqlarına sosial müavinət, şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq.
Qanuna təklif edilən dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə müavinətlərin ödənişi dayanacaq.
İlahə Vəliyeva,
Musa Qullammirzəyev,
APA TV