Samuxda karantin qaydalarını pozan şəxs həbs edildi

Samuxda karantin rejimini pozan şəxs saxlanılıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, rayon sakini Şahmar Əliyev 8103 nömrəsinə müraciət edərək evdən 2 saatlıq çıxmaq üçün icazə alıb. Lakin o, müvafiq icazəni təyinatı üzrə istifadə etmək əvəzinə rayon ərazisini tərk etmək istəyib. Bu zaman rayonunun çıxışında xidmət aparan polis əməkdaşları, vətəndaşa karantin qaydalarını izah edərək bunun yolverilməz olduğunu bildiriblər və ondan geri qayıtmasını tələb ediblər.

Şahmar Əliyev isə polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, onların xidmətinə mane olmağa çalışıb. O, buna görə saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Saxlanılan Şahmar Əliyev etdiyi əmələ görə peşman olduğunu bildirib: “Sadəcə olaraq bir anlaşılmazlıq oldu. Yəni bunlar olmamalıydı, amma oldu. Çünki biz karantin qaydalarına əməl etməliyik. Yəni biz özümüz və balalarımız üçün bunu etməliyik. Yaxınlara, dostlara, qardaşlara heç də məsləhət görmürəm. Etməsinlər, çünki bu bizim üçündür”.

Şahmar Əliyev məhkəmənin qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv