“Sanitarım minaya düşdü, onu çıxarmaq istəyəndə mən də minaya düşdüm” - REPORTAJ

Biləsuvarın Əsgərabad kənd sakini Ziya Kazımov Vətən Müharibəsində tarix yazan igidlərdəndir.

 

APA TV-nin cənub bürosunun xəbərinə görə, Ziya həyatını 20 yaşından hərbiyə bağlayıb.

 

Baş gizir kimi müxtəlif hərbi hissələrdə xidmət edib. 2014-cü ilin Avqust və 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. Vətən Müharibəsinin ilk günlərindən də döyüşlərə qatılıb. Talış və Suqovuşan kəndlərinin işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşüb.

 

Ziya Kazımov Murovdağ silsiləsindəki yüksəkliklərdən birində döyüş tapşırığını yerinə yetirərkən minaya düşüb: “Məndən sonra yenə də uşaqlarımız ora getdilər. Orada şəhidlərimiz oldu, Allah şəhidlərimizə rəhmət eləsin! Amma qisasları da yetərincə alındı. Təəssüf eləyirəm ki, axıra qədər döyüşlərdə iştirak eləyə bilmədim”. 

 

Ziya deyir ki, buna qədər başqa yüksəkliklərdə döyüş yoldaşları ilə birgə bir neçə dəfə pusquya düşsə də, heç bir itki vermədən oradan çıxa biliblər. Müharibədə kədərdən çox sevincli anlar yaşayıblar. 30 illik həsrətdən sonra azadlığına qovuşan torpaqlara ilk ayaq basanlardan olmağın sevinci onlara döyüşlərdə ən böyük ruh yüksəkliyi bəxş edib. Sentyabrın 28-də baş verən hadisələr isə onun bir ömür yaddaşında qalacaq: “Ayın 28-də günorta 3-4 radələri idi, biz başladıq irəliləməyə. Mənim bir sanitarım var idi, mənim qarşımda minaya düşdü. Can atdım buna yardım edim. Yardım eləyəndən sonra bunu təxliyə elədik arxaya. Həmin anda mən özüm də minaya düşdüm. Sonra məni də təxliyə edəndə hazırda ehtiyatda olan zabitdir. Məni təxliyə edəndə soyadım Kazımov olduğu üçün mənə Kazım deyirdi. Dedi: “Kazım, gözlə səni buradan çıxarım”. Məni çıxaranda o da minaya düşdü. Onun da bir ayağı dizdən yuxarı amputasiya olunub. Şükürlər olsun, protezlə də təmin olunub, hazırda sərbəst gəzir”.


Həmin zabit Elşad Heydərov olub. Sonradan tale elə gətirir ki, hər ikisinin bir aya yaxın eyni palatada müalicə olunub. Ziyanın müalicəsi Naftalan Mərkəzi Xəstəxanasında başlayıb, orada sağ ayağı dizdən aşağı amputasiya olunub. Qazimiz 15 gündən sonra Gəncədən helikopterlə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirilib: “Orada da 20 gün müalicə alandan sonra çox yüksək səviyyədə tək mən yox, yanımdakı yoldaşlarım da müalicə aldıq. 20 gündən sonra gəldim evə. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə mən ən son model protezlə təmin olunmuşam. Allaha çox şükürlər olsun. Çəliksiz-zadsız, qoyulandan sonra gördüyünüz kimi hərəkət edirəm, gəzirəm, çox rahatam. Minnətdaram. Həkim kollektivinə dərin təşəkkür edirəm, onlar da çox mənə yaxşı qayğı göstərdilər və bu gün də yenə nəzarətdəyəm, yəni müalicəmi alıram”.

 

Biləsuvar Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zamiq Mənsimli bildirib ki, baş gizir Ziya Kazımov Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində yüksək texnologiyalı protezlə təmin edilib. Bu protez yüksək funksionallığı ilə seçilir və elektron oynaq əsasında hərəkətin tam tənzimlənməsinə, təhlükəsiz və rahat hərəkətə imkan verir. Qazimiz bundan əlavə dövlət tərəfindən müxtəlif təminat və sosial qayğı ilə əhatə olunub: “Bildiyimiz kimi, bütün şəhid ailələri və müharibə iştirakçıları cənab Prezidentin diqqət və qayğısı ilə əhatə olunub. Həmin diqqət və qayğıdan irəli gələn bütün göstəriş və tapşırıqlar icra olunmaqdadır və icra olunmağa da davam edəcək. Kazımov Ziya Ağami oğlu İkinci Qarabağ müharibəsində yaralanıb. Dövlətimiz tərəfindən müəyyən imtiyazlarla təmin olunub. Bu imtiyazlar arasında ƏƏSMN tərəfindən yüksək texnologiyalı protez ayaqla təmin olunması, ƏƏSMN tərəfindən həmçinin avtomobil növbəsinə qeydiyyata alınması, Prezident təqaüdü və eyni zamanda pensiya ilə təmin olunması da var. YAŞAT Fondu tərəfindən Kazımov Ziya Ağami oğluna 5000 manat maddi yardım ayrılıb və Biləsuvar RİH tərəfindən mənzil növbəsinə uçota alınıb. Bundan da sonra bütün şəhid ailələri və qazilərimiz dövlətin qayğısı ilə əhatə olunacaqlar”. 

 

Qeyd edək ki, Ziya Kazımov "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları, III dərəcəli "Qüsursuz xidmətə görə", “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. 

 

Tural Kərimov,

Rövşən Əzimov,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv