Sarayda gecələr peyda olan bu maşınlar sakinlərin kabusuna çevrilib
Abşeron rayonu, Saray qəsəbəsinin İlqar Əmiraslanov küçəsi ilə Elşən Hüseynov küçəsinin kəsişdiyi ərazidə yaşayan sakinlər evlərinin yanındakı zibillikdən və bundan yaranan üfunət qoxusundan şikayətlənirlər.Saray gölünün yaxınlığında yaşayan şikayətçilər bildirirlər ki, ərazi əsasən ətrafdan atılan məişət tullantılarından qeyri-qanuni zibil poliqonuna çevrilib. Sakinlər bildirir ki, ərazidə belə böyük zibilliyin yaranmasının səbəbi gecələr böyük maşınlarla əraziyə daşınan zillərdir.
Günü-gündən böyüməkdə olan zibillik antisanitar vəziyyət yaratmaqla yanaşı, ərazini xəstəlik mənbəyinə çevirir. Qəsəbə sakinlərinin sözlərinə görə, üfunət iyi, gəmirici və həşəratlar yaxınlıqdakı evlərə dolur, narahatlıq yaradır, xəstəliklərin yayılmasına gətirib çıxarır. Üfunət iyindən evdə qalmaq olmur. Bundan başqa yağış yağanda kifayət qədər böyük olan Saray gölünün səviyyəsi qalxır və su daşaraq ətraf evləri basır.
Saray qəsəbə bələdiyyəsinin sədr əvəzi Şahlar Məhərrəmov bildirdi ki, İlqar Əmiraslanov və Elşən Hüseynov küçələrinin kəsişməsində, göl kənarında olan, məişət tullantıları ilə çirkləndirilmiş ərazidəki problemdən xəbərdardırlar: “Bu ərazi Sumqayıt bağları və Saray qəsəbəsi arasındadır. Saray bələdiyyəsi tərəfindən dəfələrlə təmizlənsə də qısa müddətdə əvvəlki vəziyyətinə qayıdır. Sakinlərdən xahiş edirik ki, məişət tullantıları üçün bu işi icra edən şirkətə abunə olsunlar. Belə olan halda heç bir neqativ hal baş verməz. Həmin gölün səviyyəsinin qalxması ilə bağlı aidiyyəti qurumlara məlumat vermişik. Tezliklə kömək edəcəklərini bildiriblər”-deyə, o qeyd edib.Kanalizasiya və çirkab sularının evlərə dolması ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. Qurum rəsmisi bildirdi ki, həmin ərazidə gələcəkdə kollektırların, həm də şəbəkələrin tikintisi planlaşdırılır.İndi gələcəkdə icarsı nəzərdə tutulan layihələrə ümid bağlayan sakinlərin aidiyyəti qurumlardan bir gözləntisi var: heç olmasa əraziyə zibil qutuları qoyulsun. Bəlkə bu addım atılarsa gecələr əraziyə böyük maşınlarla zibil daşınmasının qarşısı alına bilər.
ƏLİ ƏLİYEV, AĞA ƏLİZADƏ
APA TV