Şarl Mişel Prezident İlham Əliyevə zəng etdi – APA TV

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Dövlət başçısı qeyd edib ki, Qranadada Azərbaycanın iştirakı olmadan Azərbaycan adının dördtərəfli bəyanata daxil edilməsi düzgün yanaşma deyil.

Prezident İlham Əliyev həmçinin Fransanın məlum mövqeyinə görə Azərbaycanın Qranadadakı görüşdə iştirak etmədiyini bildirib. Dövlət başçısı xüsusilə vurğulayıb ki, Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq.

Eyni zamanda, Prezident İlham Əliyev Avropa Parlamenti tərəfindən ksenofob və şovinist yanaşma əsasında qəbul edilmiş anti-Azərbaycan xarakterli bəyanatın, orada səsləndirilən fikirlərin qəbuledilməz olduğunu diqqətə çatdırıb, bunun regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etmədiyini deyib. Dövlət başçısı mərkəzi hökumət tərəfindən Qarabağdan olan erməni sakinlərə humanitar yardımların göstərildiyini və onların qeydiyyatı prosesinin başlandığını bildirib.

Azərbaycan Prezidenti vurğulayıb ki, məhz qondarma rejim erməniləri ərazini tərk etməyə və oradan köçməyə məcbur edib. Prezident Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu deyərək, bu kəndlərin işğaldan azad olunmasının vacibliyini vurğulayıb.

Dövlət başçısı Azərbaycanla İran arasında regional nəqliyyat dəhlizinin yaradılması istiqamətində işlərin aparıldığını qeyd edib, bu xüsusda Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasiminin keçirildiyini deyib. Şarl Mişel öz növbəsində Avropa İttifaqının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində səylərini davam etdirməyə hazır olduğunu bildirib.

Müəllif | Apa.Tv
Apa.tv