Saxta pasport oyunu: peyvənd vurulmuşdusa, niyə öldü?

2019-cu ildən etibarən dünya əhalisinin başına gəlməyən çox az şey qalıb. Yanğınlardan tut, ən təhlükəli viruslara yoluxmağa kimi müxtəlif dəhşətlərlə üzləşdik. Bu qədər ağır günlər yaşamağımıza baxmayaraq, bəzi şəxslər köhnə vərdişlərindən əl çəkmirlər. Məsələn, hər şeyin saxtasını çıxarmağa öyrəşən adamlar, indi də əllərini ciblərinə salıb pasportun saxtasını düzəltdirməyə çalışır. Təkcə düzəltdirsələr, dərd yarı. Bir də görürsən, kimsə bu saxta sənədin qiymətindən şikayət edib vətəndaş hüququndan dəm vurur, gah da o saxta pasportuna belə ən bahalı vaksin markalarının adını yazdırır. Qohum-əqrəbası hər yerdə “filankəs elə-belə peyvənd vurdurmayıb ha” deyən vaxtı da gündoğan tərəfdən biri çıxıb soruşur ki, bəs bahalı vaksin vurdurmuşdusa, niyə öldü?

 

Mövzu ilə bağlı şəhər sakinlərinin də fikirlərini öyrəndik:

 

- Eşitmişəm. Yəni, Azərbaycandır da. Pul ilə eləyirsən, düzəlir. Amma ki, o düzgün söhbət deyil. Yəni, sənin ailən var, arvad-uşaq var, axırı da, ona görə düzgün deyil. Mən 2 dənə peyvənd vurdurmuşam. Lazım gəlsə, yenə vurduracam. 62 yaşım var. Mənə mütləq lazımdır.

 

- Çox pis yanaşıram. “TƏBİB”in qoyduğu qaydaları pozurlar, rəhbərliyin qaydalarını pozurlar. Özünü qoruyursan da. Başqasını qorumursan ki. Gedin, iynə vurdurun da. Tək indi deyil ki. Həmişə olub, indi də var da.

 

- Düzgün deyil. Əgər peyvənd varsa və pulsuzdursa, gedin vaksinasiya olunmaq lazımdır. Mənə elə gəlir, gedib saxta-saxta söhbətləri eşidib peyvənd olunmaq istəmirlər.

 

- Niyə götürməlidirlər ki? Gedib vurdursunlar da. Mən özüm şəhid atasıyam. Özüm də peyvənd olunmuşam. Necə lazımdır. Yoo, eşitməmişəm, görməmişəm.

 

- Saxta yox. Axı o saxtadır, rüşvətlə alınmış şeydir yəqin. Bəli, mən peyvənd olunmuşam.

 

- Yanaşmam pisdir, necə olacaq? Mən özüm peyvənd olunmuşam. İki dozanın hər ikisi. Saxta vaksin pasportu alanların yoluxdurma ehtimalı daha yüksəkdir. Bu bizim məktəb vaxtlarımızdan da belə idi ki, bir çox adamlar peyvənddən qorxurdu, amma heç bir əks təsiri olmurdu. Yəni, bunun da bir əks təsiri yoxdur. Məsləhət görərdim, hamı peyvənd olunsun.

 

Ancaq sosial mediada gəzişdikcə, aydın olur ki, işin əsli sorğu prosesindən çox, sosial media gündəmlərində gizlənirmiş. Hətta özünə saxta kovid pasportu almayanların çoxu bunu qaydalar yox, cibi naminə etmirmiş. Giley-güzarın biri iki yüz manatdan, gəl, görəsən... İndi sual yaranır ki, əgər vaksinasiya əhalinin yoluxma zəncirini qırmaq üçündürsə, “peyvənd olunmuşlar” halqasındakı dırnaqarası sağlam insanlar cəmiyyət üçün niyə təhlükəlidir? Sualımıza səhiyyə nazirliyinin mütəxəssisi cavab verir: “Əgər vaksinasiya olunmamış, qeyri-qanuni yolla pasport əldə edirəmsə, mən həm xəstəliyin daşıyıcısı, yəni, öz yaxınlarım, ailəm və cəmiyyət üçün real təhlükə mənbəyi ola bilərəm, digər tərəfdən, vaksinasiya olunmadan qeydiyyata düşürəmsə, süni olaraq göstəricini artırmış oluram. Bu halda da statistik göstəricilərdə xəta baş verməsinə səbəb oluram”.

 

Bəs vətəndaşın saxta pasport alması təktərəfli hadisə deyilsə, bu proses necə baş verir? “Hər bir şəxs yaşayış sahəsi üzrə müəyyən bir poliklinikada qeydiyyatdadır. Vaksinasiya üçün də əvvəlcədən qeydiyyatdan keçməklə müvafiq poliklinikalara müraciət edirlər. Yəni, bu artıq orada tənzimlənir. Deməli, bu artıq hər bir tibb personalının öz işinə nə dərəcədə məsuliyyətli və düzgün yanaşmasından asılıdır”.

 

Düzdür, hətta vaksinin saxtasını da ad-sanına uyğunlaşdıran adamlar var. Ancaq peyvəndin özü olmayandan sonra brendin adı nə işinə yarayacaq? Bax, bunu anlamağa həm də normal beyin lazımdı. Ən azından isə immuniteti varmış kimi görünüb aramızda gəzişən müdafiəsiz insanlar iki böyük yükün altında qalırlar: Qanuni və mənəvi məsuliyyət. Amma, inanmırıq ki, bundan özlərinin xəbəri olsun.

 

Mir Çingiz Ağazadə

Faiq Həsənov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv