Sayt rəhbəri və əməkdaşı barədə YENİ QƏRAR VERİLDİ
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilmiş jurnalistlər Asəf Novruzov və Məhsud Səfərovla bağlı hökmdən verilmiş şikayətə baxılıb.
APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində araşdırılan işlə bağlı qüvvədə olan hökm dəyişdirilib.
Qərara əsasən, Asəf Novruzov və Məhsud Səfərovun cəzası 5 ilə endirilib. Hökm qalan hissələrdə qüvvədə saxlanılıb.
Xatırladaq ki, “cia.az” informasiya portalının rəhbəri Novruzov Asəf Baxşəli oğlunun həmin saytın əməkdaşı Səfərov Məhsud Səfər oğlu ilə əlbir olaraq ayrı-ayrı dövlət qurumları, müəssisə və təşkilatların rəhbər vəzifəli şəxsləri barəsində həqiqəti əks etdirməyən, rüsvayedici, işgüzar imicə xələl gətirə biləcək məlumatları dərc edəcəkləri ilə hədələyərək onlardan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitini hədə-qorxu ilə tələb edərək almalarına əsaslı şübhələr müəyyən edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ittiham olunan şəxslər hər biri 7 il azadlıqdan məhrum olunmuşdu.