Səbaildə narkotik vasitələrin satışı ilə məşğul olan dəstə üzvü tutuldu

Bir neçə gün əvvəl Səbail Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə və 9-cu Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Nurlan Kişiyev və Nicat İmanquliyev saxlanılıb. N.İmanquliyev ifadəsində narkotik vasitələri satış məqsədi ilə “Alı” adlı şəxsdən əldə etdiyini bildirib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Səbail RPİ və 9-cu PB əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində özünü “Alı” kimi təqdim edərək narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Allahverdi Orucov tutulub.

 

Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 11 büküm satış üçün qablaşdırılan narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin, Abşeron rayonunda yaşadığı mənzilindən isə 5 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

A.Orucov ifadəsində paytaxt və ətraf ərazilərdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

 

Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb və onlar tutularaq istintaqa cəlb olunub.

 

Qeyd edək ki, Səbail RPİ və 9-cu PB əməkdaşları tərəfindən keçirilən sonuncu əməliyyatlar zamanı ümumilikdə 7 kiloqramdan artıq narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Müəllif | Apa.Tv
Apa.tv