Səbinə Əliyeva yeni Ombudsman seçildi

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib.

 

APA TV-nin xəbərinə görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 22 məsələ daxil edilib.

 

İclasda “2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb: “Millət vəkilləri tərəfindən Azərbaycan dövlət büdcəsi layihəsi müsbət qiymətləndirilib. Səslənən təkliflər hökumət tərəfindən, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Sosial Müdafiə Nazirliyi tərəfindən səmimiyyətlə qarşılanıb, keçən 2-ci oxunuşda maliyyə naziri Samir Şərifov bu məsələlərlə bağlı münasibətini bildirib. Birbaşa onu demək istəyirəm ki, 2020-ci ilin dövlət büdcəsi ölkənin milli maraqlarına cavab verir və ölkənin beynəlxalq aləmdə maraqlarına xidmət edən irimiqyaslı transmilli layihələrin uğurla həyata keçirilməsində zəmin yaradacaq”.

 

Azərbaycanda gələn il üçün ehtiyac meyarının məbləği də bəlli olub. Layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində nəzərdə tutulur. Sənəd müzakirəyə çıxarılaraq III oxunuşda qəbul edilib.

 

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi də müzakirəyə çıxarılıb. Vitse-spiker Bahar Muradova bildirib ki, Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sənəddə bu vəzifəyə 3 nəfərin - Bakı Apelyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevanın namizədliyini irəli sürülüb: “Nəzərə almaq lazımdır ki, Ombudsmanın fəaliyyət müddəti başa çatıb. Hətta bir az da keçib. Bununla belə, biz müsbət qiymət veririk. Bir sözlə, biz bu qənaətə gəldik ki, bu şəxslərin üçü də namizəd olmağa layiqdirlər. Əlbəttə ki, onların içərisindən bir nəfəri bu gün seçəcəyik. Kimin seçilməsindən asılı olmayaraq, Ombudsman institutuna uğurlar arzulayırıq. Nəzərə almaq lazımdır ki, 83 səslə qəbul olunmalıdır”.

 

Məsələ müzakirə edildikdən sonra səsverməyə çıxarılıb.

 

Səsvermə nəticəsində Səbinə Əliyeva səs çoxluğu ilə Azərbaycanın yeni Ombudsmanı seçilib. İclasda iştirak edən deputatlardan 104 nəfəri onun lehinə səs verib. Daha sonra Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkilinin andiçmə mərasimi keçirilib.

 

Daha sonra gündəlikdəki digər məsələlər müzakirə olunub.

Müəllif | Apa.Tv
Apa.tv