Sədərək gömrüyündə insident - Qardaşla bacı həbs edildi

Azərbaycanın Türkiyə ilə quru sərhədindəki Sədərək Gömrük Keçid Məntəqəsində insident olub.

 

APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şərur rayon sakini, 1983-cü il təvəllüdlü Ş.Abbasov həyat yoldaşı və bacısı ilə birlikdə Türkiyədən Naxçıvana qayıdarkən gömrükçülərlə dava edib.

 

Belə ki, Gömrük Keçid Məntəqəsinin əməkdaşları Ş.Abbasova qanunla icazə veriləndən artıq ərzaq məhsulları gətirdiklərini bildirərək həmin yükü buraxa bilməyəcəklərini deyiblər. Bundan sonra Ş.Abbasov və bacısı etiraz edib, gömrükçülərin onların çantalarını açmasına imkan verməyərək müqavimət göstəriblər. Sərhədçilərin müdaxiləsindən sonra hər iki şəxs xidməti otağa aparılıb.

 

Ş.Abbasov və bacısı barəsində protokol tərtib edilib. Saxlanılan bacı və qardaşı Sədərək Rayon Məhkəməsinə göndərilib. Rayon Məhkəməsinin qərarı ilə 39 yaşlı Ş. Abbasova 30, bacısına isə 25 sutka həbs cəzası verilib.

 

Müəllif | Apa.Tv
Apa.tv