Səfərbərliyə cəlb edilən əsgər və çavuşlara əlavə 360 manat aylıq müavinət verilir

Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış vətəndaşların mərhələli şəkildə tərxis edilməsi prosesinə başlanılıb.

 

APA TV-nin məlumatına görə, artıq bununla bağlı Azərbaycan Prezidentinin “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqında” sərəncamının Azərbaycan Ordusunda icrası ilə əlaqədar Müdafiə naziri müvafiq əmr imzalayıb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Eyvazov deyir ki, hərbi xidmətə çağırılan hərbi qulluqçular cari ilin dekabr ayının 25-dən 2021-ci ilin aprel ayının 15-dək mərhələli şəkildə tərxis ediləcək: “Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr tarixli sərəncamı ilə hərbi xidmətə çağırılan hərbi qulluqçular cari ilin dekabr ayının 25-dən 2021-ci ilin aprel ayının 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək. Hərbi qulluqçular onların yaş həddi nəzərə alınmaqla, mərhələli şəkildə və tərxisetmə dövrlərinə uyğun olaraq tərxis olunacaq”.

 

Qurum rəsmisi bildirib ki, əsgər və çavuşların təyin olunmuş vəzifə maaşlarına əlavə olaraq 360 manat məbləğində aylıq müavinət də veriləcək: “Qeyd edək ki, zabit və gizirlərin pul təminatı xidmət etdikləri hərbi hissə üçün müəyyən edilmiş artım əmsalları tətbiq edilməklə təyin olunduğu vəzifələrə uyğun olan vəzifə maaşları, hərbi rütbələrinə görə maaşlar və digər əlavələrdən ibarətdir. Əsgər və çavuşlara isə eyni qaydada təyin olunmuş vəzifə maaşlarına əlavə olaraq 360 manat məbləğində aylıq müavinət verilir”.


Müdafiə Nazirliyi tərəfindən tərxisetmə ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

 

Həmidağa Məcidov,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv