Səfir: “Azərbaycan Cammu və Kəşmir məsələsində mövqeyimizi cəsarətlə dəstəkləyib”
“Azərbaycan Cammu və Kəşmir məsələsində Pakistanın mövqeyini cəsarətlə dəstəkləyib”.
APA TV xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Kəşmirlə Həmrəylik Gününə həsr olunmuş tədbirdə deyib.
Səfir bildirib ki, işğal olunmuş Cammu və Kəşmirdə baş verənlərlə bağlı azərbaycanlılar məlumatlıdır və bu məsələyə həssas yanaşırlar: “Azərbaycan hökuməti və xalqı Cammu və Kəşmir məsələsində Pakistanın mövqeyini cəsarətlə dəstəkləyib, bu məsələdə bütün beynəlxalq platformalarda Pakistanın yanında olduğunu bəyan edib. Azərbaycan Kəşmir münaqişəsi ilə bağlı İslam Əməkdaşlıq Təşkilatındakı Komitənin aktiv üzvüdür. Bu dəstək üçün Azərbaycana dərin təşəkkür edirik”.
Kəşmirlilərin təxminən 70 ildir qapalı şəraitdə yaşadığını qeyd edən diplomat əlavə edib ki, Pakistan və Azərbaycan xalqları bir-birini, iki xalqın yaşadığı dramı, işğalın nə olduğunu yaxşı başa düşür. Çünki Azərbaycanın torpaqları da illərlə işğal altında olub. İllərlə danışıqlar davam edib. Ümid edirik ki, yaxın gələcəkdə azadlığın, işğalın sona çatmasının sevincini kəşmirlilər də yaşayacaq.
Cammu və Kəşmir münaqişəsinin qlobal təhlükəsini qeyd edən səfirin sözlərinə görə, Pakistan və Hindistan böyükdür və hər iki ölkə nüvə ölkəsidir.
Bilal Hayee Pakistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki yenidənqurma işlərinin iştirakçısı olmaq istədiyini də bildirib.
O, Azərbaycanın XİN başçısı İslamabadda səfərdə olarkən Pakistan şirkətlərini ölkəyə dəvət etdiyini vurğulayıb: “Bununla bağlı Azərbaycan hökuməti ilə də danışıqlar aparacağıq. Ümid edirik ki, Pakistan şirkətləri qarşıdakı aylarda və illərdə bu prosesdə iştirak etmək üçün Azərbaycana gələcək”.
Tədbirdə Pakistan Prezidenti Arif Alvi, ölkənin Baş naziri İmran Xan və Xarici İşlər naziri Şah Mahmud Qureyşinin Kəşmirlə Həmrəylik Gününə həsr olunmuş müraciətləri oxunub, Cammu və Kəşmir münaqişəsi ilə bağlı sənədli film nümayiş olunub.
Mir Çingiz Ağazadə,
Faiq Həsənov,
APA TV