17:20 5 avqust 2022 362
Ana səhifə Xəbərlər

Səfirliyimizə hücumun pərdəarxası - Bayrağımız niyə hədəfə alındı?

Avqustun 4-də günorta saatlarında Londondakı Azərbaycan səfirliyinə radikal dindarların hücumu olub. Onlar səfirliyin binasına soxularaq, şüarlar səsləndirə-səsləndirə binanın eyvanındakı Azərbaycan bayrağını çıxarıb yerə atıblar. Hər şey yerli polisin gözləri önündə olub. Polislər bir müddət gözlədikdən sonra qrup üzvlərini binadan çıxarıb, bölməyə aparıblar.

Vyana Konvensiyasına əsasən diplomatların və diplomatik məkanların təhlükəsizliyinə ev sahibi olan ölkə cavabdehdir. Bununla bağlı xəbərdarlıq Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən diplomatik kanallar vasitəsilə Böyük Britaniyanın aidiyyəti qurumlarının diqqətinə çatdırılıb. Üstəlik, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb. Britaniyalı diplomatdan baş vermiş vandallıq aktı ilə bağlı Birləşmiş Krallığın müvafiq qurumları tərəfindən hərtərəfli istintaq araşdırmasının aparılması, cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi tələb olunub.

 

Baş vermiş hadisəni Britaniyadakı "İttihad Həddam əl Məhdi" yəni, "Mehdi Xidmətçiləri Birliyi" adlanan radikal təşkilat öz üzərinə götürüb. Mediada dərc olunmuş araşdırmalara görə, hüquqi olaraq ləğv edilmiş bu təşkilata küveytli molla Yasər əl Həbib rəhbərlik edir. O, iranlı ayətulla Seyid Sadiq Hüseyni Şirazininin davamçısıdır və özünü  "əsl şiəlikdən kənarlaşmış camaatlara və dövlətlərə cihad" edən şəxs elan edib. Təşkilata aid "Fəddak TV" adlı peyk telekanalı vasitəsilə mütəmadi çıxışlar edən Yasər əl Həbib Türkiyəni, Azərbaycanı, Fars Körfəzi, postsovet məkanındakı müsəlman ölkələrini, eləcə də İranı özlərinə düşmən saydıqlarını söyləyib. Təşkilat anti-sünni çağırışları, təbliğat çıxışlarında davamlı olaraq Hz.Ömərlə, Hz.Aişəni təhqir etməsi ilə də tanınır. "İttihad Həddam əl Məhdi"nin Livan və Suriyadakı "Hizbullah" hərəkatının Britaniyada qolu olduğu da bildirilir.

 

Baş vermiş hadisənin siyasi tərəfi ilə bağlı APA TV-yə şərh verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bu məsələ qabaqcadan planlaşdırmış hadisədir.  O düşünür ki, sifariş Azərbaycan­dakı qruplaşmalar tərəfindən də verilə bilər. Məqsəd isə Azərbaycan dövlətçiliyini hədəfə almaqdır. Deputat əlavə edib ki, bu kimi qruplaşmaların fəallaşmasına əsas şəraiti ölkə daxilində ideoloji sektorda aparılan mübarizənin yetərli olmaması yaradır: “Hər hansı bir normal mübarizə aparmaq qabiliyyəti olan kadrlar yoxdur. Ümumi olaraq kadrlar var, amma onların əksəri mübarizə aparmaq qabiliyyətinə sahib deyillər. Sadəcə maaş almaq, yer tutmaq üçün müəyyən institutları əllərində saxlayırlar. Bu baxımdan burada Azərbaycan dövlətçiliyinin taleyindən söhbət gedir. Üstəlik, Azərbaycan üçün təhlükəli olan məqamlardan biri budur ki, ölkənin daxilində kifayət qədər qüvvələri formalaşdıran dinçi qruplar var. Onlar qonşuluqda olan Gürcüstanda yaşayan soydaşlarımızı da bu istiqamətdə Azərbaycan dövlətinə qarşı mübarizə aparan qüvvə kimi hazırlamağa çalışırlar.”

 

Hadisənin dini tərəfi barədə APA TV-yə açıqlama verən ilahiyyatçı Hacı Şahin Həsənli isə bildirib ki, bu vandalizmdir və dinlə əlaqəsi olmayan hərəkətlərdir. İlahiyyatçı əlavə edib ki, bəzi xarici xüsusi xidmət orqanların təsiri altında olan bu qruplaşma özlərini İslama aid etsələr də, onların əsas məqsədləri insanların dini hislərindəın istifdadə edərək məzhəblərarası nifaq salmaqdır: “Onlar Azərbaycanda tarixən mövcud olan dini dözümlülük mühitinə zərbə vurmağa çalışırlar. Onlar özfəaliyyətlərini Azərbaycanda genişləndirməyə çalışırlar. Amma onların ölkəmizdə heç bir sosial bazası yoxdur. Fəaliyyət imkanlarının olmamağı onları qəzəbləndirib. Onlar da bu şəkildə öz aləmlərində Azərbaycandan qisas almağa çalşırlar. Bu kimi cəhdlər əvvəlcədən məlum olduğu kimi uğursuzluqla nəticələnəcək. Çünki, ölkəmizdə belə yanaşmalara sərt münasibətlər var. Azərbaycanın müqəddəs bayrağının təhqir edilməsi vandalizm aktidir. Azərbaycan bayrağı uğrundu minlərlə həm müsəlman, həm də digər inanclı gənclərimiz canlarını fəda edib, şəhid olublar. Bayrağın təhqir edilməsi həm də dinimizin təhqir edilməsidir. Bu həm də Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş sui-qəsd cəhdidir. Düşünürəm ki, yaxın zamanda onların məkrli niyyətləri üzə çıxacaq və layiqli cavablarını alacaqlar”.

 

İlahiyyatçı onu da əlavə edib ki, qruplaşmanın dinlə, islamla heç bir əlaqəsi yoxdur və bu kimi dirnaqarası təşkilatlar ölkəmizdə heç bir uğur əldə edə bilməyəcəklər. Əksinə bu davranışların Azərbaycasn cəmiyyətini daha da səfərbər olmasına gətirib çıxaracaq.

Hacı Şahin Həsənli onu da istisna etmir ki, “Qisas” əməliyyatından sonra Azərbaycanın uğurları kimlərisə narahat edir. Məhz buna görə də həmin şəxslər dini qarşıdurma yaratmaq, dövlətçiliyimizi zəiflətmək üçün müxtəlif yollar axtarırlar.

 

Fuad Sadıqov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın