Şəhərdə “Kalaşnikov”la gəzən şəxs tutuldu

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə saxlanılan qanunsuz odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti tədbiri həyata keçirilib.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində Eldəniz adlı şəxsin üzərində odlu silah-sursat gəzdirməsi barədə polis əməkdaşlarına məlumat daxil olub.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də törətdiyi cinayətlərə görə ümumilikdə 4 dəfə məhkum olunmuş Eldəniz Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərində daşıdığı sellofan torbadan “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 10 ədəd patron aşkar edilərək götürülüb. Eldəniz silah-sursatı bir müddət əvvəl tapmasına baxmayaraq, polisə təhvil verməyərək özündə saxladığını bildirib.

 

İlkin araşdırma zamanı saxlanılan şəxsin silah-sursatı satmaq niyyətində olduğu müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv