Şəhid ailələri və müharibə əlillərinə bu il üzrə 1500 mənzil veriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri, müharibə əlilləri və imtiyazlı kateqoriyadan olan digər şəxslərə daha 50 mənzil təqdim edilib.
Mənzillərin sənədlərinin təqdim edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib ki, Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə əlilləri ilə bağlı geniş miqyaslı sosial dəstək işləri aparılır: “Cənab Prezidentin sərəncamından dərhal sonra artıq 4 min ev öz sahiblərinə təqdim olunub. 2021-2025-ci illəri əhatə edən sərəncam çərçivəsində mərhələli şəkildə 11 min ev öz sahiblərinə təqdim olunacaq. Sosial dəstək tədbirlərinin bir istiqaməti də müharibə əlillərimizin avtomobillə təmin olunmasıdır. Bu il ərzində artıq 120 avtomobil təqdim edilib. Post müharibə dövründə isə 284 avtomobil müharibə əlillərimizə təqdim olunub”.
Yeni mənzillərlə təmin edilən şəxslər hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarını bildiriblər.
Çernobıl əlilləri və gözdən əlilliyi olan şəxslərin mənzillə təminatı işləri də davam etdirilir. Çernobıl əlillərinə 2021-ci ildə 258, bu ilin ötən dövründə 64, gözdən əlilliyi olan şəxslərə ötən il 255, 2022-ci ildə isə 149 mənzil təqdim edilib.
Qeyd edək ki, şəhid ailələri və müharibə əlillərinə bu il üzrə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, artıq 1000-ə qədəri təqdim edilib.
Nərmin Murad,
Ceyhun Mustafayev,
APA TV