Şəhid ailəsindən nümunəvi addım – 80 AİLƏNİN PROBLEMİ HƏLL OLUNDU

Yolumuz Bakı şəhəri Qaradağ rayonunun Qobustan qəsəbəsinədir. Şəhid Ağasahib İmanquliyevin qardaşının örnək addımı bizi deyilən ünvana götürdü.

 

Qeyd edək ki, Ağasahib Xasan oğu İmanquliyev 1975-ci ildə Bakıda anadan olub. 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin ailəsi Qobustan qəsəbəndə yaşayır.

 

Qəsəbənin girişində Ağasahib İmanquliyevin xatirəsinə abidə tikilib və təmir olunub, qəsəbənin yolları yenidən qurulub, elektrik enerjisi ilə təminatı yaxşılaşdırılıb, yeni yaşayış məntəqələrinə qaz xətti çəkilib. Bir sözlə, qəsəbənin yeniliklərindən kifayət qədər çox danışmaq olar. Amma sakinlərin bir narahatlığı var, o da kanalizasiya xəttinin olmamasıdır.

 

Bu problemin həllini isə şəhid Ağasahib İmanquliyevin qardaşı Asif İmanquliyev öz üzərinə götürüb. Məhz onun şəxsi təşəbbüsü və məhəllə sakinlərinin maddi dəstəyi ilə 80 ailənin kanalizasiya xətti çəkilib və istifadəyə verilib: “Gördüyünüz bu küçə mənim qardaşım şəhid Ağasahib İmanquliyevin adını daşıyır. Digər qardaşım da Qarabağ qazisidir. Burada doğulub boya-başa çatmışam. 1985-ci ildən burada yaşayırıq. Heç bir quruma müraciət etmədən məhəllənin kanalizasiya xəttinin çəkilməsini öz üzərimizə götürmüşük. Kanalizasiya qovşağının olmaması ciddi problem idi. Düşündüm ki, hazırkı durumda hər şeyi dövlətdən tələb etmək olmaz. Əgər bu gün bunu öz vəsaitim və qonşuların köməyi ilə edə bilirəmsə, niyə gözləyək? Qalan nə iş  var öz gücümüzə edirik”.

 

Hazırda məhəllənin kanalizasiya xətti çəkilir və təxminən iki gündən sonra 80 sakinin problemi demək olar ki, öz həllini tapmış olacaq: “Məhəllə sakinlərinin hamısının razılığı ilə bu işə qərar verdik. Heç bir quruma müraciət etmədən edə biləcəyimizi düşündük. Əgər nəyəsə gücümüz çatırsa, indi pandemiya təhlükəsinin hökm sürdüyü vaxt olduğuna görə müraciət etmədik. İstəyim odur ki, çətin gündə bir olaq, həmrəy olaq, əl-ələ verək dövlətimizə, hökumətimizə dayaq olaq, qismən həlli yüngül problemləri isə özümüz həll edək”.

 

Fürsətdən istifadə edib şəhid Ağasahib İmanquliyevin anası Narınc xanıma da baş çəkdik: “Qızım, şəhid anası kimi göstərilən diqqətdən də, qayğıdan da razıyam. Lökbatanda şəhid ailəsi olduğumuz üçün 3 otaqlı mənzillə də təmin ediblər. Prezident təqaüdçüsüyəm. Şükür, dolanışığımız da yaxşıdır. Dövlətimiz dünya durduqca dursun. Övladlarının xeyrini görsünlər. Prezident İlham Əliyev və Mehriban xanım yüz yaşasın!”

 

Yeri gəlmişkən, Ağasahib İmanquliyev Azərbaycan Aşıqlar Birliyinin üzvüdür. Elə qazancı da el şənliklərindən, beynəlxalq festivallardandır. Buna baxmayaraq, “varını verən utanmaz” deyir. Bu xeyriyyəçi təşəbbüslə çıxış etməkdən qürur duyur, bu örnək addımdan başqalarının da faydalanmasını diləyir.

Müəllif | Apa.Tv
Apa.tv