Şəhid ailəsindən olan 25 tələbə Türkiyədə ödənişsiz təhsil alacaq
Ölkəmizdə səfərdə olan Türkiyənin Nişantaşı Universitetinin rektoru Şenay Yalçının başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə səfər edib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Gəncə Dövlət universitetində Türkiyənin Nişantaşı Universitetinin nümayəndə heyətinin üzvləri ilə birlikdə Beynəlxalq Konfrans keçirilib.
Konfransda Ermənistanın Gəncədə törətdiyi terrordan danışılıb, düşmənin Azərbaycan Respublikası ərazisinə və xalqına qarşı həyata keçirdiyi hücumlarla bağlı bəyanat səsləndirilib.
Şenay Yalçın qeyd edib ki, Nişantaşı Universiteti və Gəncə Dövlət Universiteti akademik əməkdaşlıq sənədi çərçivəsində Qafqazdakı bütün məsələləri birgə araşdıracaqlar.
Türkiyənin Nişantaşı Universitet həmçinin Gəncə Dövlət universiteti ilə anlaşma imzalayıb. Türkiyənin Nişantaşı Universitetinin rektor köməkçisi Sibel Baykut jurnalistlərə açıqlamasında bildirib ki, azərbaycanlı şəhid ailələrindən olan 25 tələbə ödənişsiz təhsil alacaq və onlara təqaüd veriləcək.
Nümayəndə heyəti cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olublar.