Şəhid Arəstə Baxışovanı Çernobıl qəzası ilə görün nə bağlayırmış

36 il əvvəl bu gün Ukraynada yerləşən Çernobıl Atom Elekrtrik Stansiyasında tarixin ən böyük texnogen qəzası baş verib. Partlayış stansiyanın 4-cü nüvə reaktorunda gecə saatlarında elektrik kəsilməsini sınaqdan keçirərkən baş verib. Su buxarı partlayış yaradıb, ardınca güclü yanğın başlayıb. Yanğın 9 gün davam edib. Fəlakət nəticəsində radiasiya Avropanın bir çox hissəsinə yayılıb. Çernobıl qəzasından sonra minlərlə insan radiasiya səbəbindən həyatini itirib, çox sayda insan əlil qalıb. Çernobıl qəzasının ləğvi işlərində 8 mindən çox azərbaycanlı iştirak edib, onlardan 4 min nəfəri həlak olub:

“Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyinin sədri Mirhəsən Həsənov  deyir ki, 1986-cı il 26 apreldə baş verən qəzanın oktyabrın 30-a qədərki müddət ərzində qarşısının alınmasında 650 min nəfər iştirak etdi: “Onlardan 8 mindən çoxu azərbaycanlı idi, 4 mini dünyasını dəyişdi. Ümumiyyətlə, orda qorunmaq mümkün deyildi. İnsanlar yerlə təmasda olur, oradakı meyvələrdən yeyirdilər. Heç bir halda onlara izah olunmurdu ki, bunlar radiasiya tərkibli meyvələrdir, yeyildiyi halda orqanizmdə fəsadlar yarana bilər. İnsan faktoru arxa planda idi, insanlara baxış da fərqli idi. Yəni gələcəkdə nə baş verəcəyi onlar üçün maraqlı deyildi”.

İkinci Qarabağ müharibəsində şəhid olanlar arasında çernobılçıların övladları da var. Mirhəsən Həsnov deyir ki, Vətən Müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın atası da Çernobıl qəzasının ləğvi işlərində iştirak edib: “Çernobılçıların övladları 44 günlük müharibədə şəhid oldular. Nə qədər çernobılçının övladı əlil oldu. Məsələn 44 günlük müharibədə şəhid olan Arəstə Baxışova da çernobılçının övladıdır. Və dövlətimiz də sağ olsun ki,  onların sosial hüquqlarının qorunması istiqamətində kifayət qədər addımların atılmasını təmin edir. Çernobıl əlillərinə 275 mənzil verilib. ƏƏSMN –i tərəfindən təqdim olunan mənzillər onların həyatı üçün vacibdir, önəmlidir”

Dünya tarixinin ən qorxunc hadisələrindən sayılan Çerbobıl yanğını sönsə də, tüstüsü çəkilməyib desək, yanılmarıq. Qəzadan 36 il keçsə də, minlərlə insan şüalanma nəticəsində tutulduğu xərçəng kimi ağır xəstəliklərdən əziyyət çəkirlər.

Müəllif | Apa.Tv
Apa.tv